
İyunun 4-dən etibarən ərəb dünyasında başlanan qarşıdurmanı, yəni Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Bəhreynin Qətərlə diplomatik əlaqələrini kəsməsi ilə bağlı verdikləri qərarı ikinci “Ərəb baharı”na start kimi də dəyərləndirmək olar. Bunun üçün tarixə ekskurs edib və birinci “Ərəb baharı”nın başlanması prosesinə diqqət yetirmək kifayətdir. 2010-cu ilin dekabrından Şimali Afrikadan start götürən “Ərəb baharı” qısa zamanda ərəb dünyasını çox ciddi surətdə lərzəyə gətirdi. İnqilabi proseslər demək olar ki, əksər ərəb ölkələrini əhatə etdi. Düzdür, bu proses elə də uğurla sonuclanmadı. Qərbin güclü dəstəyi ilə başlanan bu proses Suriyada sanki bir “bataqlığa” düşmüş oldu. Bu prosesin hələ nə qədər davam edəcəyi və nə ilə nəticələnəcəyi barədə heç bir beyin mərkəzi aydın bir fikir söyləyə bilmir.
2010-cu ildə başlanan “Ərəb baharı” ilə son iki gündə ərəb dünyasında baş verən qarşıdurma ilə bağlı analoji bir müqayisə yerinə düşər. 2009-cu ilin yanvarında ABŞ-ın 44-cü prezidenti seçilən Barak Obama 4 iyun 2009-cu il tarixdə ilk xarici səfərini Yaxın Şərq və Şimali Afrika ölkəsi hesab edilən Misirə edir. ABŞ prezidentinin Misirə bu səfəri İslam dünyası ilə Qərb arasında münasibətlərdə yeni eranın başlanğıcı kimi dəyərləndirilir. Obamanın Misirə səfəri daha çox onun Qahirə Universitetindəki çıxışı və orada səsləndirdiyi bəyanatla tarixə düşüb. Obamanın Qahirə Universitetindəki yeddi tezisdən ibarət məhşur bəyanatı səslənir. Obama bu tezislərində İslam dini ilə ekstremizmi, terrorun ayrı-ayrı məsələ olduğunu dilə gətirir: “Biz heç zaman İslamla mübarizə aparmamışıq və bundan sonra da aparmayacağıq”. Obamanın ikinci ən mühüm tezislərindən birində İranın nüvə silahından sülh məqsədləri üçün istifadəsinin mükünlüyü qeyd edilib. Növbəti tezisləri ABŞ-ın qoşunlarının İraqdan, Əfqanıstan və Pakistandan çıxarılması, Əfqanıstan və Pakistana maddi dəstək göstərilməsi, iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı idi. Obamanın çıxışında yadda qalan ən mühüm tezislərdən biri də Fələstinlə bağlı idi. Fələstin probleminə diqqət çəkən Obama Fələstin ərazilərində yəhudilərin məskunlaşmasının qeyri-mümkünlüyünü dilə gətirməsi oldu. Obama eyni zamanda, Fələstinin qanuni dövlət kimi formalaşmasına dəstək verəcəyini də yaddan çıxarmadı.
Obamanın səfərindən təqribən il yarım sonra 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi şüarları ilə etiraz aksiyalarına start verildi. İlk qiyam 2010-cu il 18 dekabrda Tunisdə başladı və bu, 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin bin Əlinin ölkəni tərk etməsi, onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələndi. Bu da tarixə “Ərəb baharı”nın başlanğıcı kimi düşdü. Bu inqilab alovu qısa zamanda digər ərəb ölkələrini, o cümlədən Misiri də öz cənginə aldı. Beləliklə də, Amerikanın dostu olan və hər dediyinə “baş üstə” deyən Hüsnü Mübarək hakimiyyətdən devrildi. Və ABŞ buna seyrçi qaldı. Baxmayaraq ondan bir neçə ay öncə ABŞ prezidenti Barak Obama Qahirədə onu özlərinin yaxın dostu elan etmişdi.
O zamanda analitiklər “Ərəb baharı”nın ABŞ-ın “Böyük Orta Doğu Projesi”nin tərkib hissəsi olduğu haqda fikirlər səsləndi. Hələ o zaman ABŞ prezidentinin köməkçisi Dik Çeyninin sözlərinə görə, Böyük Orta Doğu Projesinin məqsədi bütünlükdə bölgədə demokratiyanı yaymaq, regionu inkişaf etdirmək və sülhü qarantiya altına almaqdan ibarətdir. ABŞ-ın keçmiş dövlət katibi K.Rays isə layihəni “Mərakeşdən Çin sərhəddinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasını dəyişdirəcək” layihə kimi səciyyələndirmişdi. Proseslərin Suriyada dalana dirənməsi ABŞ-ın bu planını reallaşdırmağa imkan vermədi. Ancaq bu o demək deyil ki, ABŞ bu niyyətindən vaz keçib. Obama dönəmindən sonra ABŞ prezidenti seçilən Donald Tramp bu siyasəti yeni formada və ampulada həyata keçirməyə qərar verib. Onu da qeyd etmək yerinə düşər ki, Obamadan fərqli olaraq Trampın İsraillə çox sıcaq münasibətləri var.
Tramp da Obama kimi ilk səfərini Yaxın Şərqə etdi
ABŞ-ın növbəti prezidenti Donald Tramp da ilk səfərini Yaxın Şərqdə ən yaxın müttəfiqlərindən olan Səudiyyə Ərəbistanına edir. Tramp Ər-Riyada səfəri zamanı “Amerika-islam-ərəb” sammiti keçirir və burada yenə də ciddi mesajlar verir. Tramp bundan sonra əməkdaşlıq edəcəyi ölkələrlə, hansı rejim hökm sürməsindən asılı olmayaraq daxili işinə qarışmayacağını bəyan edir. Trampın bu bəyanatı sammitdə iştirak edən ölkələr tərəfindən müsbət qarşılanır. Sammitdə əsas diqqəti çəkən məqam isə Trampın çıxışında İrana qarşı İslam ölkələrinin cəbhə təşkil etməsi olur. Hətta İrana qarşı “İslam NATO”su yaradılması ideyasını irəli sürdü. Bundan sonra beynəlxalq ekspertlər və analitiklər başda Səudiyyə Ərəbistanı başda olmaqla İrana qarşı yeni cəbhənin formalaşacağı və Tehrana qarşı yeni sanksiyaların tətbiq ediləcəyi haqqında fikirlər səsləndirdi. Ancaq hadisələr gözlənildiyinin əksinə baş verdi.
İyunun 4-də 4 ərəb ölkəsi Qətəri İranla sıcaq münasibət bəslədiyinə və terrorizmi dəstəklədiyini iddia edərək diplomatik münasibətləri kəsdilər. Hadisələrin necə inkişaf edəcəyi hələ tam bəlli olmasa da, artıq müəyyən konturlar görünməkdədir.
Rəqabət və qarşıdurma
Burada ilk olaraq onu qeyd etmək lazımdır ki, 2001-ci il 11 sentyabr, həmçinin 2010-cu ilin sonundan etibarən ərəb dünyasında baş verən proseslər fonunda Qətər xarici siyasətində fəallıq nümayiş etdirməyə başlayıb. Son illərdə Qətər təkcə ərəb dünyasında deyil, İslam və digər regional proseslərdə aktiv iştirak etməkdədir. Bu aktivliyi və uğurlu iştirakı öz bəhrəsini verib və Dohanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə xidmət edib. Mövqeyini möhkəmlədən Qətər açıq formada olmasa da, gizli surətdə ərəb dünyasında liderliyi ələ almaq istiqamətində səylərdə bulunub. Bu da müəyyən mənada öz bəhrəsini verib. Kiçik Qətər dövlətinin, ancaq aktiv xarici siyasəti ilə ərəb dünyasına meydan oxuyan liderlik iddiası isə Səudiyyə Ərəbistanı, Misir və BƏƏ tərəfindən heç cür həzm edilmir. Ona görə də bu ölkələr Qətərin bu niyyətinin qarşısını almaq və ona yerini göstərmək üçün Dohaya qarşı belə sərt mövqe sərgiləmək mövqeyini ortaya qoyublar. Çünki bu ölkələr Qətərin mövqeyini möhkəmləndirməsi, nəticədə onlara ciddi problem yaradacağını yaxşı anlayırlar. Odur ki, bu ölkələr baş verən biləcək təhlükənin qarşısını almaq üçün bir araya gələrək, problem baş qaldırmadan onu beşiyindəcə boğmaq istəyirlər. Bu işdə yəqin ki, digər xarici güclərin də razılığı olub. Əks təqdirdə bu mümkün olan şey deyil. Çünki Qətər də ABŞ-ın yaxın müttəfiqidir və Amerikanın bu ölkədə 10 minlik hərbi bazası yerləşir.
Bunun üçün də adıçəkilən ərəb ölkələri Qətəri İranla işbirliyində və terrorizmi dəstəkləməkdə ittiham etməklə onun üzərinə gedərək, onu geri çəkilməyə vadar etmək niyyəti güdürlər. Buna nə qədər nail olacaqlar zaman göstərəcək. Əgər ABŞ prosesə ciddi müdaxiə etməsə, Qətərin geri çəkiləcəyi inandırıcı görünmür.
Qarşıdurmanın kökündə dayanan əsas məsələlərdən biri və ən əsası Qətərin “Müsəlman qardaşları”nı hərtərəfli himayə etməsi ilə bağlıdır. “Müsəlman qardaşları”nın digər radikal islami təşkilatlardan fərqli, müəyyən mənada tam radikal deyil, loyal siyasət yürütməsi onun ərəb ölkələrində ciddi rəğbətlə qarşılanmasına səbəb olub. “Müsəlman qardaşları”nın siyasi cəhətdən oturuşmuş ciddi təşkilati strukturlara malik olması, həmçinin hakimiyyət uğrunda mübarizədə silahlı mübarizə metodundan daha çox siyasi mübarizəyə üstünlük verir. Məhz bunun nəticəsidir ki, “Müsəlman qardaşları”nın İordaniyada parlamentdə, Qətərdə isə hakimiyyətdə təmsilçilik hüququ var. “Müsəlman qardaşları” eyni zamanda Yaxın Şərqdə və dünyada mühüm rola malik olan Türkiyədə də güclü nüfuza sahibdirlər. Bu təşkilat Türkiyənin mövcud hakimiyyəti tərəfindən ciddi surətdə dəstəklənir.
Səudiyyə Ərəbistanı bunu etiraf etməsə də, “Müsəlman qardaşları” bu ölkədə də ciddi nufuza malikdir. Ona görə də Səudlar bu təşkilatı yaratdıqları rejimə ən ciddi təhlükə kimi görürlər.
Digər bir məqam isə Qətərin HƏMAS, “Hizbullah” kimi təşkilatlarla da sıcaq münasibətə malik olmasıdır. Bu da onun regionda mövqeyinin möhkəmlənməsinə xidmət edir. Qətər eyni zamanda çıxarları naminə İrana qarşı müəyyən mənada loyal münasibətdədir. Dohanın geosiyasi və geoiqtisadi proseslərə fərqli yanaşması Qətərin daha üstün mövqeyə çıxmasına gətirib çıxarıb.Nəticədə bölgədə baş verən bütün proseslərdə Qətərin rəyi mütləq nəzərə alınır.
Qətərin bu fərqli siyasəti nəinki Səudiyyənin, Misir və BƏƏ-nin, eyni zamanda İsrailin və müəyyən mənada Amerikanın da maraqlarına uyğun gəlmir və bu maraqlar toqquşur. Qətərin geoiqtisadi proseslərdə sərgilədiyi bəzi hərəkətlər də İsrail və ABŞ-ın xoşuna gəlmir və ümumilikdə bütün bu amillər Dohaya qarşı sərt mövqenin sərgilənməsini şərtləndirən amillərdəndir.
Ərəb dünyası yeni inqilablara hamilədir
Baş verən proseslər bir daha onu deməyə əsas verir ki, ərəb dünyası yeni “Ərəb baharı”na hamilədir. Ancaq proseslərin hansı məcrada inkişaf edəcəyi və nəyi özündə ehtiva edəcəyi barədə konkret fikir söyləmək çətindir. Ancaq bu mütləqdir…
Baş verənlər Tehranın marağına xidmət edir
Son günlər ərəb dünyasında baş verən proselər Tehranın birbaşa maraqlarına və onun bölgədə daha möhkəm formada otuşmasına, proseslərdə revanşı əldə etməsinə xidmət edir. Əgər bir müddət öncə Tehran Trampın bölgəyə səfəri və onun səfərinin törədəcəyi mümkün nəticələrdən əndişə keçirirdisə, son hadisələr isə İrana müəyyən rahatlıq gətirdi. Əksinə baş verən hadisələr Tehranın revanş siyasətinə geniş imkanlar açdı. Tehran isə yaranmış bu məqamdan öz çıxarları üçün maksimum yararlanmağa çalışacaq. Artıq bu istiqamətdə aktiv fəaliyyətə başlayıb. İlk olaraq Qətərə qarşı bu təhdid siyasətini pisləyərək, onun yanında olduğunu və hərtərəfli dəstək verəcəyini bəyan edib. Bununla da Qətərin yanında yer alan İordaniyaya, Küveyt, Oman və digər ərəb ölkələrinə müəyyən mesaj vermiş oldu. İranın revanşı isə nə İsrailin, nə də Amerikanın maraqlarına cavab verir. Əksinə qarşıya qoyulan hədəflərə nail olmasına ciddi əngəllər yaradacaq. Bunu görən Ağ Ev administrasiyası tərəfləri təcili olaraq danışıq masasına dəvət edir.
Ola bilsin ki, Ağ Ev administrasiyası Səudiyyə Ərəbistanına Qətərə qarşı bu təzyiq prosesinə başlamağa “hə” deyəndə yəqin ki, hazırlanın planın “istiot və duzunun” və ya “barıtının” çox olması nəticəsində “qaş düzəldilən yerdə gözün çıxarılması”nı nəzərə almayıb. Məhz hər şeyin nəzərdə tutulduğundan artıq olması proseslərin məcradan çıxarılmasına nədən olub. İsrail və Amerika indiki məqmada prosesləri məcrasına yönəltmək istəyirsə, əgər həqiqətən də bu belədirsə və ya dediklərində səmimidirlərsə, o zaman proses uzun çəkəcək. Yaxın Şərqdə, xüsusən də ABŞ-ın müttəqfiləri arasında proseslərin bu məcrada davam etməsi, ilk olaraq Ağ Evin ziyanına işləyəcək.
Azərbaycan nə etməli?..
İstəsək də, istəməsək də baş verən proseslər hansısa formada Azərbaycana da öz təsirini göstərəcək. Baş verən proseslər heç də geniş planda Azərbaycanın maraqlarına uyğun deyil. İlk olaraq ona görə ki, Azərbaycanın münaqişə tərəfləri ilə çox sıcaq münasibəti var. Digər məqam isə bu proseslərdə Türkiyə, İsrail və İranın da hansısa formada yer alması prosesləri bir qədər mürəkkəbləşdirir. Proseslərin hələ hansı məcrada davam edəcəyi də bəlli deyil. Ona görə də indiki mərhələdə Azərbaycan ona dəyəcək təsirləri araşdırıb, gələcək addımlarını müəyyənləşdirməlidir.
Mürtəza Bünyadlı
Gununsesi.info










