“Ərəb ölkələri “Müsəlman qardaşları”nı ciddi təhlükə hesab etdiklərindən Qətərlə diplomatik əlaqələri kəsib” - RUFİZ HAFİZOĞLU

  • By admin
  • 05 İyun 2017 16:50

trend_rufiz_hafizoglu

Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətlərini kəsməsi dünya mediasının diqqət mərkəzində olan məsələlərdən biridir. Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Bəhreyn, Yəmən və sairə kimi ərəb ölkələrinin Qətərə qarşı belə bir sərt mövqe sərgiləməsinin səbəbi nədir? Hansı zərurət bu ölkələri belə bir qərar verməyə vadar etdi?

Gununsesi.info olaraq qeyd olunan suallara cavab tapmaq, yaranmış vəziyyətə Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu ilə aydınlıq gətirməyə çalışdıq.

– Rufiz bəy, bir sıra ərəb ölkələrinin Qətərə qarşı bu cür gözlənilməz, sərt mövqe sərgiləməsinin səbəbini necə izah etmək olar?

– Əvvəla, onu deyim ki, Qətərlə bu ölkələr arasındakı gərginlik yeni deyil və bunun kökü bir neçə il bundan öncəyə gedib çıxır. Hələ 2014-cü ildə bir sıra ərəb ölkələri tərəfindən Qətərə qarşı analoji addım atılıb. İyunun 4-də Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin Qətərə qarşı diplomatik münasibətlərin kəsilməsi ilə bağlı məsələyə gəldikdə, bu, əvvəlcədən hazırlanmış bir planın tərkib hissəsidir.

Burada məsələnin kökündə dayanan Qətər-İran münasibətləri deyil. Çünki Qətərin də İranla əlaqələri xoş olmayan səviyyədədir. Məsələnin kökündə daha ciddi və dərin məsələ var ki, bu da “Müsəlman qardaşları” təşkilatı ilə bağlıdır. “Müsəlman qardaşları” bir sıra ərəb ölkələrində terror təşkilatı kimi tanınsa da, Qətər, Küveyt, İordaniya, Oman kimi ölkələr tərəfindən dəstəklənir. Qətər “Müsəlman qardaşlar”ını açıq-açığına müdafiə edir. İordaniyada bu təşkilat parlamentdə təmsil olunur. Bax, adıçəkilən ölkələr “Müsəlman qardaşları”nı özlərinə ciddi təhlükə hesab etdiklərindən Qətərə qarşı belə bir mövqe sərgiləyiblər.

Misirin bu prosesdə iştirakına gəldikdə isə deyə bilərəm ki, bu, Misirin indiki hakimiyyəti bundan öncə ölkədə dövlət çevrilişi edən Qətərdə sığınacaq alan “Müsəlman qardaşları” təşkilatının ideoloji liderlərindən biri olan Yusuf əl Kardavinin təhvil verməməsi ilə bağlıdır. Misir Qətərdən bu şəxsi tələb etsə də, rədd cavabı alıb. Misirlə Qətərin münasibətlərinin kökündə bu durur.

Səudiyyə Ərəbistanına gəldikdə isə deyə bilərəm ki, bu ölkənin güclü iqtisadi potensialı olsa da, daxili istehsalı yoxdur. Bununla yanaşı, siyasi immunitet də zəifdir. Yəni islami ideyalara bağlı güclü siyasiləşmiş və təşkilatlanmış bir təşkilatın bu ölkəyə nüfuz etməsindən qorxur. Çünki bu təşkilatın Səudiyyəyə nüfuzu ciddi problemlərə gətirib çıxara bilər.

Bəhreynə gəldikdə, əgər yadınızdadırsa, 2012-ci ildə bu təşkilat Bəhreyndə də dövlət çevrilişi cəhdində bulundu. Düzdür, bu çevriliş cəhdinin qarşısı alınsa da, təhlükə hələ də mövcuddur.

BƏƏ-nin isə bu məsələdə sırf iqtisadi marağı var.Çünki BƏƏ-nin ərəb dünyasının iqtisadi liderinə çevrilmək iddiası var və bunun üçün də yaranmış fürsətdən yararlanmağa çalışır.

Bütün bunları nəzərə alaraq demək istərdim ki, Qətərin “Müsəlman qardaşları” təşkilatını aktiv dəstəkləməsindən narahat olduqlarından, belə bir sərt addım atıblar.

– Küveyt, İordaniya kimi ölkələrin Qətərə qarşı çıxmamasının səbəbi nə ilə bağlıdır?

– Küveyt, İordaniya və Oman bu məsələdə Qətəri dəstəklədiklərini və bu qərara qoşulmayacaqlarını bəyan edib. Ona görə də bu təzyiqlərin Qətərə təsir edəcəyinə və mövqeyini dəyişəcəyinə inanmıram.

– İŞİD, Əl-Qaidə və yetərincə digər radikal dini qruplaşmaların olduğu və ölkələrə ciddi təhlükə yaratdığı halda, “Müsəlman qardaşları”na qarşı belə sərt mövqe nümayiş etdirmənin kökündə dayanan nədir? O zaman belə çıxır ki, “Müsəlman qardaşları” başqa güclərin nəzarətindədir…

– İlk olaraq onu deyim ki, “Müsəlman qardaşları” ilə İŞİD, Əl-Qaidə və digər radikal dini qruplaşmalar arasında tam fərqli ideoloji baxışlar var. Belə olmasaydı İordaniya parlamentində təmsil oluna bilməzdi. Ona görə də bəzi ərəb ölkələri “Müsəlman qardaşları”na dəstək verir. Bundan fərqli olaraq heç bir dövlət İŞİD, Əl-Qaidə və digərinə gizli dəstək versə də, açıq dəstək verdiyini bəyan etmir.

Burada digər məqam isə ondan ibarətdir ki, İŞİD, Əl-Qaidə Səudiyyə Ərəbistanı üçün təhlükə hesab olunmur. Səudiyyənin yeganə qorxub, çəkindiyi siyasi cəhətdən oturuşmuş güclü ideoloji, siyasi cəhətdən hazırlıqlı olan “Müsəlman qardaşları”dır. Çünki “Müsəlman qardaşları” Səudiyyəyə real təhlükə mənəbyidir. Bunu Ər-Riyadda yaxşı anlayırlar.

Bildirdiyiniz kimi, “Müsəlman qardaşları” İordaniyada  parlamentdə təmsil olunur və onlara normal siyasi fəaliyyət üçün şərait yaradılıb. Bəs belə olan halda niyə bu ölkələr İordaniyaya qarşı çıxmadılar?

– Çünki Qətəri digər ərəb ölkələrindən fərqləndirən əsas cəhətlərindən biri də bu ölkənin son 5-6 ildə diplomatik aktiv rol oynaması ilə bağlıdır. Qətər ərəb ölkələri arasında olan bir sıra ölkələrin,  Şimali Afrikandan tutmuş Fələstinədək  problemlərin həllində vasitəçi kimi iştirak edən bir dövlətdir. Qətər kimi qapalı və kiçik bir dövlətin bu cür aktiv siyasəti Səudiyyə Ərəbistanı və özünü ərəb dünyasının anası hesab edən Misirin maraqlarına xidmət etmir. BƏƏ-yə gədlikdə isə burada iqtisadi maraqlar var. Bölgənin əsas iqtisadi gücü olmaq istiqamətində mübarizə aparan BƏƏ yaranmış durumdan öz maraqları üçün istifadə edir.Yəni bu, bir oyundur.

Qətər bu gün inanın ki, bir çox məsələlərə görə Səudiyyə Ərəbistanından daha irəlidə olan ölkədir. Bunu əminliklə söyləyə bilərəm.

Rufiz bəy, bu hadisələrin Trampın bölgəyə səfərindən sonra baş verməsi müəyyən suallar yaradır. Siz necə düşünürsünüz?

– Yaxın Şərq hər zaman ABŞ-ın kurasiyasında olub. Çünki belə bir deyim var: Yaxın Şərqə kim hakimdirsə,  dünyaya da, hakim o, ölkədir. Göründüyü kimi burada təkcə iqtisadi maraqların toqquşması deyil, digər məqamlar da var. Hadisələrin Trampın gəlişindən sonra baş verməsinə gəldikdə isə bu barədə fikir yürütməyə tələsmək lazım deyil. Bir müddətdən sonra bu məsələlər aydınlaşacaq. Ancaq Trampın da səfərinin bu məsələlərlə hansısa formada bağlılığı ola bilər. Necə deyərlər, bu bədəndə olan çibanın görünən üst hissəsidir. Hadisələrin gələcək inkişafı necə olacaq, hansı məcrada davam edəcək, bu barədə indidən fikir söyləmək çətindir. Bir neçə gündən sonra proseslərə müəyyən aydınlıq gələcək və o zaman daha dürüst fikir yürütmək olar.

Sizcə burada ABŞ-la Səudiyyə Ərəbistanı arasında 100 milyard dollarlıq silah müqaviləsinin də təsiri ola bilərmi? Bununla Səudiyyə Qətərə əzələ nümayişi edir?

– Mümkündür. Çünki Yaxın Şərqin bir sıra ölkələri Amerika üçün bir hərbi plastarmdır. Necə deyərlər, iqtisadi baxımdan daha çox hərbi baxımdan daha güclü müttəfiqdirlər. Səudiyyə Ərəbistanı bu məsələdə xüsusi rola malikdir. Səudiyyə bundan sonra nə qədər istəsə də, Amerikanın təsir dairəsindən çıxa bilməyəcək. Bu, qeyri-mümkündür. Bayaq dediyim kimi bu ölkənin istehsalı olmadığından xammal ixracatçısı rolundan başqa bir rola malik deyil. Ölkənin siyasətini isə ABŞ müəyyən edir.

Bu arada onu da əlavə edim ki, Qətər Suriya məsələsində Səudiyyə kimi aktiv rol oynayır. Çünki İŞİD Qərbin beyninin məhsuludur və bunu inkar etmək olmaz.

Bu hadisələr İrana nə vəd edir? Ərəb dünyası birləşib, İrana qarşı cəbhə yaratmaq əvəzinə bu ölkələrin öz aralarında ixtilafa girməsi Tehranın maraqlarına xidmət etmirmi?

– Təbii. Ərəb dünyasında belə bir vəziyyətin yaranması hərtərəfli maraqlarına xidmət edir. Bu hadisə İranın bölgədə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Rufiz bəy, yadınızdadırsa, bir zamanlar Barak Obama da prezident seçildikdən sonra ilk səfərini Misirə etdi. Ancaq onun səfərindən sonra “Ərəb baharı” vüsət aldı. Tramp da prezident kimi ilk səfərini Yaxın Şərqə Səudiyyə Ərəbistanına etdi. Burada hansısa analoji paralellik aparmaq olarmı?

– Aparmaq olar. Hələ bu barədə hansısa fikir yürütmək tezdir. Əvvəla onu deyim ki, Səudiyyə Ərəbistanı çox qapalı ölkədir və dünya ictimaiyyəti buradakı problemlərdən məlumatlı deyil. İranla Səudiyyəni müqayisə edəndə, bir medalın əks üzləri kimi təsvir etmək olar.

Səudiyyənin ilk problemi ideolji problemlə bağlıdır və bu məsələ gizlədilir. Cəmiyyət ideoloji cəhətdən parçalanıb. Ölkədə “Müsəlman qardaşları”na ciddi simpatiya mövcuddur. Ancaq bu gizlədilir. Növbəti problem sələfilik və radikal sələfiliyin aşırı fomrada olmasıdır. Digər məqam isə ölkə əhalisinin 20 faizini təşkil edən şiə müsəlmanlar əsasən neft hasil edən bölgələrdə yaşayır. Odur ki, Səudiyyəni qarışdırmaq üçün xıdra bir qığılcım yetərlidir. Düzdür, burada şiə faktoru istisna edilir. Onların qalxmasına heç vəchlə imkan verilməz. Ancaq “Müsəlman qardaşları” Səud rejimi üçün real təhlükə mənbəyidir. Ona görə də Səudiyyə bu təşkilatı hər vəchlə boğmağa çalışır.

Mürtəza Bünyadlı

Gununsesi.info