“Ərdoğan Sultanlıq həvəsini davam etdirsə, bu, faciə olacaq” - tanınmış hüquqşünas

  • Müəllif: admin
  • 16 İyul 2016 12:43

aslan

“Türkiyədə baş verənlərlə bağlı bəzi fikirlərimi bildirirəm. Bu müddət ərzində yazmamağımın səbəbi heç də gözləmə mövqeyi deyildi. Gözləmə mövqeyində olmaq, baş verənlərdən yararlanmaq üçün dərhal tərəf tutmaq siyasətçilər üçündür. Mənə vacib olan isə özümə ikinci Vətən saydığım Türkiyənin gələcəyidir. Söylədiyim fikirlər də ancaq bu məqsədi güdür”.

Gununsesi.info-nun məlumatına görə, bunu tanınmış hüquqşünas-vəkil Aslan İsmayılov öz “Facebook” səhifəsində paylaşdığı statusunda yazıb. O, yazıb ki,  Ərdoğanın son illər apardığı siyasətin çox yalnış və Türkiyə üçün zərərli olduğunu bir daha təkrarlayır. Onun qeyd etdiyinə görə, son illər ərzində Ergenekon şousu, gah ərəbçilik, gah ümmətçilik siyasəti yürütmək, Səudiyyə Ərəbistanı ilə işbirliyinə girmək, Avrasiya İttifaqına qoşulmaq ideyası Türkiyənin bu gününə və gələcəyinə çox ziyan vurdu.

“Bununla belə istənilən çevrilişin, idarəçilikdə güc işlətmənin qəti əleyhinə olduğumdan çevriliş cəhdini, xüsusilə xalq tərəfindən seçilmiş hakimiyyətə qarşı istənilən gücü qətiyyətlə pisləyirəm. Bu çevriliş baş tutacağı təqdirdə Türkiyəni yaxşı halda Misirin, pis halda isə Liviyanın aqibəti gözləyirdi. Ən yaxşı halda isə bir oyuncaq hakimiyyət olacaqdı.

Baş vermiş hadisələrdən ağıllı hakimiyyət nəticə çıxardıb Türkiyənin səs vermiş 50%-nin yox, bütöv xalqın hakimiyyəti olduğunu anlamalı, son illər buraxdığı səhvlər düzəltməli və hakimiyyəti saxlamaq üçün apardığı oyunların, həm Türkiyə üçün, həm də özləri üçün təhlükəli olduğunu anlamalıdır. Əgər bu hadisələrdən sonra Ərdoğan bu günkü yolunu, Sultanlıq həvəsini davam etdirsə əminəm ki, bu həm Türkiyə üçün, həm də onun özü üçün faciə olacaq.

Baş verənlər, bir çoxlarının fikirləşdiyi kimi oyun deyildi. Bu, əsl çevriliş istəyi idi və sadəcə, burada tək hərəkətdə iştirak edənlərin deyil, böyük güclərin də iştirakı var idi. Burada iki hal mövcuddur. Birincisi, Ərdoğan hakimiyyəti belə bir çevrilişin olacağını bilirdi. Ancaq bu cəhdin hakimiyyətləri üçün çox da təhlükəli olmadığını bildiklərdən baş verməsini lap əvvəldən əngəlləmədilər ki, hələlik tam sultanlıq qurmaq üçün əngəl ola biləcək gücləri bununla tamamilə sıradan çıxartsınlar. Bunun özü də çox pis haldır. Yox, əgər Ərdoğan hakimiyyətinin xüsusi xidmət orqanları bu qədər güc və insan cəlb olunduğu çevrilişin hazırlandığını bilmirdisə bunun özü də çox pisdir”- deyə, o, sonra yazıb.

A.İsmayılov bir halı da xüsusi vurğulayıb ki, bu çevrilişdə iştirak edənlərin hamısının xain, Vətən, xalq düşməni adlandırılmasının qəti əleyhinədir:

“Əminəm ki, bu hadisələrdə iştirak edənlərin mütləq əksəriyyəti həqiqətən Türkiyəni Vətən olaraq dəlicəsinə sevənlərdir və sadəcə dünyagörüşlərinin, savadlarının və sadəlöhv olmalarının qurbanı oldular. Onlar həqiqətən gələcək güclü və firavən Türkiyə üçün canından keçməyə hazırlaşmışdılar. Onları bu addımı atmağa məcbur edən də Ərdoğan hakimiyyətinin son illər apardığı yalnış siyasət və bu yöndə nümayiş etdirdikləri şoular idi”.

Gununsesi.info