Ərin məmur arvadını və ustanı öldürməsinin TƏFƏRRÜATI -YENİLƏNDİ

  • By admin
  • 21 Fevral 2023 19:13

İki gün əvvəl Tərtərdə Asəf Məmmədovun həyat yoldaşı Gülnar Məmmədovanı və həyətdə usta işləyən Namiq Allahverdiyevi qətlə yetirdiyi hadisənin bəzi detalları üzə çıxıb.

Gununsesi.info xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, A.Məmmədov həyat yoldaşını digər şəxsdən bir neçə saat əvvəl qətlə yetirib.

Belə ki, 44 yaşlı şəxsin gecə saatlarında yaşadığı evdə arvadı Gülnar Məmmədovanı çoxsaylı bıçaq xəsarəti ilə öldürdüyü və meyitini evdə saxladığı müəyyənləşib.

Bundan sonra A.Məmmədov yaşadığı evin həyətinə bitişik yerləşən, əmisinə məxsus həyətdə usta işləyən N.Allahverdiyevin gəlməsini gözləyib. Atası ilə birgə işlədiyi həyətə gələn 32 yaşlı Namiq Asəfin qəfil hücumuna məruz qalıb. N.Allahverdiyevə atəş açan Asəf daha sonra polisə təslim olub. Bundan sonra onun gecə saatlarında yaşadığı evdə arvadını öldürməsi də məlum olub.

Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Bundan əvvəl isə G.Məmmədova rayonda fəaliyyət göstərən bankda işləyib. Onu qətlə yetirən həyat yoldaşının isə işsiz olduğu qeyd edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

***

Tərtərdə baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, 32 yaşlı Namiq Allahverdiyev 44 yaşlı Asəf Məmmədovun evində bənna kimi çalışıb.

Asəf Məmmədov həyat yoldaşı 42 yaşlı Gülnar Məmmədovanı və Namiq Allahverdiyevi evində öldürüb.

Asəf Məmmədov ilkin dindirmə zamanı evində həyat yoldaşının xəyanətinin şahidi olduğunu və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Qeyd edək ki, əri tərəfindən öldürülən Gülnar Məmmədova Tərtər rayon icra hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış.

12:16

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Tərtərdə rayon sakinləri  1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyev qətlə yetirilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Namiq Allahverdiyevin cütlüyün evində usta işlədiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Gununsesi.info