Mübariz Niyazov səhhətində yaranan ciddi problemlərlə əlaqədar “Mərcan” xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.
Təxminən 30 ildir ki, OMON üzvləri həbsdədir. Onların azadlığa buraxılması məsələsi də vaxtaşırı gündəmə gəlir.
Maraqlıdır, onların azad edilməsi ilə bağlı hansı təkliflər var?
Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, uzun illərdir bu şəxslərin azadlığa buraxılması üçün müraciətlər edirlər.

Onun sözlərinə görə, həmin şəxslər 20 ildən artıqdır həbsdədirlər və onların arasında müharibədə iştirak edənlər də var.
“Biz dəfələrlə müraciət etmişik ki, 20 ildən çox həbsdə olan bu şəxslər əfv edilsin. Söhbət qatil və cinayətkarlardan yox, aralarında OMON üzvlərinin və “Qaranquş” qrupunun gənc yaşda həbs edilən nümayəndələrinin də olduğu şəxslərdən gedir. Onlar həbs olunanda 18 yaşlarında idilər, indi isə 40-45 yaşlarındadırlar.
Təklif etmişik ki, 20 ildən çox həbsdə olan şəxslərin azadlığa buraxılmasına imkan verən qanun qəbul edilsin. Bu, xüsusi komissiya və əfv yolu ilə də həyata keçirilə bilər. Bununla bağlı bütün aidiyyəti qurumlarla danışmışıq. Ancaq bizə gözləmək tövsiyə olunur. Bəs nə vaxta qədər gözləmək olar?”.
Şəbnəm Rəhimova












