İsveçrə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın müsadirə olunmuş aktivlərindən daha 252,5 milyon dolları Daşkəndə qaytaracaq.
Gununesi.info xəbər verir ki, bu barədə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, həmin vəsait “Uzbekistan Vision 2030 Fund” trast fondu vasitəsilə ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılmasına və insan kapitalının inkişafına sərf olunacaq. Təhsil və səhiyyə sahələri isə əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
İsveçrə ilə Özbəkistan 2022-ci ilin avqustunda Kərimovanın müsadirə olunmuş aktivlərinin qaytarılmasına dair saziş imzalayıb. O vaxt İsveçrə banklarında ümumilikdə 840 milyon dolların dondurulduğu bildirilirdi. “Gazeta” nəşrinin yazdığına görə, tərəflər 2022-ci ildə təxminən 131 milyon dolların, 2025-ci ildə isə 182 milyon dollara yaxın vəsaitin qaytarılması barədə razılığa gəliblər. Beləliklə, indiyədək geri qaytarılan vəsaitin ümumi həcmi təxminən 313 milyon dollara çatıb.
13 il 4 ay həbs cəzası alıb. G.Kərimova atasının hakimiyyəti illərində Özbəkistan Xarici İşlər Nazirliyində çalışıb, 2008–2013-cü illərdə isə ölkəsinin BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi olub. Həmin dövrdə onu Mərkəzi Asiyanın ən nüfuzlu qadınlarından biri və İ.Kərimovun mümkün varisi hesab edirdilər. Amma 2013-cü ildən bəri o, ictimaiyyət qarşısına çıxmayıb.
2017-ci ildə Kərimova 10 il müddətinə azadlıqdan məhrum edilib. BBC-nin rus xidmətinin məlumatına əsasən, bu cinayət işi dələduzluq və qanunsuz komissiya haqlarının alınması ilə bağlı olub. 2018-ci ildə cəzası beşillik azadlığın məhdudlaşdırılması ilə əvəzlənsə də, 2019-cu ilin martında bu rejimin şərtlərini pozduğu üçün yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.
2020-ci ildə Daşkənd şəhər Məhkəməsi onu cinayətkar birlik yaratma, hədə-qorxu ilə tələb etmə, mənimsəmə və talama, çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirli bilərək 13 il 4 ay azadlıqdan məhrum edib. 2025-ci ilin yanvarında isə Kərimova məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.
ABŞ və bir sıra Avropa ölkələrində korrupsiya və çirkli pulların yuyulması ilə bağlı oxşar işlərdə Kərimovanın adı hallandıqdan sonra Özbəkistanda da onun barəsində cinayət işləri açılıb. İstintaqın qənaətinə görə, Kərimova ölkədə mobil rabitə lisenziyalarının verilməsi qarşılığında MTS, “Vımpelkom”, ING və “Telia Sonera” kimi xarici telekommunikasiya şirkətlərindən təxminən bir milyard dollar rüşvət alıb.
Sonradan o və yaxın ətrafı bu pulları ofşor şirkətlər vasitəsilə xaricə çıxararaq daşınmaz əmlak obyektlərinə yatırıb. Rəsmi Daşkənd Kərimovanın və onun cinayətkar qrupunun xaricdəki aktivlərinin ümumi dəyərini təxminən 1,4 milyard dollar həcmində qiymətləndirir.












