Putin Nemtsovun qatillərini azadlığa buraxıb

  • Müəllif: Firuzə
  • 16 Noyabr 2026 21:16

Rusiyalı müxalif siyasətçi Boris Nemtsovun qətlinə görə uzunmüddətli həbs cəzası alan şəxslərin bir qisminin Ukraynada döyüşmək üçün müqavilə imzaladıqdan sonra azadlığa buraxıldığı və hazırda Çeçenistanda yaşadığı iddia olunur.

Gununesi.info xəbər verir ki, bu barədə Rusiyanın “Proekt Media” araşdırma saytı məlumat yayıb.

Araşdırmada bildirilir ki, 2015-ci ilin fevralında törədilən qətllə bağlı beş nəfər məhkum edilib. Onlardan ən ağır cəzanı “Şimal” batalyonunun komandir müavini olmuş Zaur Dadaev alıb. O, 20 il müddətinə azadlıqdan məhrum edilib. Ənzor Qubaşev 19 il, qardaşı Şadid Qubaşev 16 il, Temirlan Eskerxanov 14 il, Həmzət Baxayev isə 11 il həbs cəzasına məhkum olunub.

Nəşrin məlumatına görə, Həmzət Baxayev cəza müddətini başa vuraraq azadlığa çıxıb. Temirlan Eskerxanov isə 2024-cü ilin yayında, həbs müddəti tamamlanmadan azad edilib. Buna onun Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalaması səbəb olub.

Araşdırmada qeyd olunur ki, qətlin əsas icraçıları hesab edilən Zaur Dadaev və Ənzor Qubaşevin həbs müddətləri müvafiq olaraq 2035 və 2034-cü illərdə başa çatmalı idi. Lakin hərbi əməliyyatlarda iştirak etmək üçün müqavilə imzaladıqdan sonra onların da azadlığa buraxıldığı iddia edilir.

“Proekt Media”nın mənbəsinin bildirdiyinə görə, həmin şəxslər Çeçenistana qayıdaraq hazırda orada yaşayırlar. Dadaev dağlıq ərazidə yerləşən ucqar yaşayış məntəqəsində, Qubaşev qardaşları isə Qroznı şəhərində məskunlaşıblar.

Məlumata əsasən, onlara diqqət çəkmədən, sakit həyat sürmək şərti qoyulub. Əks halda yenidən həbsxanaya qaytarıla biləcəkləri bildirilib.

Gununesi.info