İqtisadçı Natiq Cəfərli Azərbaycanın şərabçılıq sahəsində həyata keçirilən dövlət proqramlarını və Azərbaycan şərabının xarici bazarlara çıxarılması siyasətini tənqid edib.
Gununsesi.info xəbər verir ki, o, Kənd Təsərrüfatı naziri və nümayəndə heyətinin Azərbaycan şərabını tanıtmaq məqsədilə Monakoya səfərini şərh edərək, bu cür təşəbbüslərin real iqtisadi nəticələr verəcəyinə şübhə ilə yanaşıb.
Cəfərlinin sözlərinə görə, Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı iki dövlət proqramı qəbul edilsə də, proqramların qəbulundan sonra istehsal və ixrac göstəricilərində artım deyil, azalma müşahidə olunub.
İqtisadçı ixrac rəqəmlərinə diqqət çəkərək bildirib ki, 2021-ci ildə Azərbaycanın şərab ixracı cəmi 4 milyon dollar təşkil edib. Bu, 2019-cu ilin göstəricisindən 47 faiz azdır. 2022-ci ildə 300 min dekalitr şərab ixrac edildiyi halda, 2025-ci ildə bu rəqəm 155 min dekalitrə düşüb. Beləliklə, son üç ildə ixrac həcmi təxminən iki dəfə azalıb.
Onun sözlərinə görə, Azərbaycanın şərab ixracının 85-90 faizi Rusiyanın payına düşür. Avropa bazarlarına ixrac isə olduqca aşağı səviyyədədir. Belə ki, 2024-cü ildə Britaniyaya 54 min, Polşaya 48 min, Almaniyaya 30 min, Baltikyanı ölkələrə isə ümumilikdə cəmi 35 min dollar dəyərində şərab ixrac olunub.
Natiq Cəfərli hesab edir ki, Azərbaycan şərabının Avropa bazarında rəqabət aparması üçün ilk növbədə məhsulun tanıdılması və ölkənin şərabçılıq brendinin formalaşdırılması vacibdir.
“Şərab istehsalı və ixracı hekayə quruculuğundan başlayır. Əvvəl sən hekayə yaradıb-satmalısan, sonra şərabın özünü”, – deyə iqtisadçı vurğulayıb.
O bildirib ki, Azərbaycan şərabları arasında yüksək keyfiyyətli məhsullar olsa da, onların qiyməti kifayət qədər bahadır. Halbuki Avropa bazarında Fransa, İtaliya, Çili, ABŞ və Cənubi Afrika kimi ölkələrin şərablarını 3-5 avroya əldə etmək mümkündür. Bu rəqabət şəraitində tanınmayan Azərbaycan şərabını Avropada 10 avroya satmaq çətindir.
İqtisadçı hesab edir ki, Azərbaycan istehsalçıları əvvəlcə Bolqarıstan kimi bazarlarda mövqelərini möhkəmləndirməli, daha sonra Monako kimi rəqabətli və spesifik bazarları hədəfləməlidirlər.
Cəfərli Monakoya təşkil olunan səfərlərin şərabçılığın inkişafına ciddi təsir göstərəcəyinə inanmadığını bildirib:
“Belə səfərlər effektiv deyil, ola da bilməz. Hə, gəzmək üçün əladır. Bəlkə də sonda məmurlarımız ‘çox gəzən – çox bilər’ prinsipi ilə nəsə öyrənəcəklər”.
Elmar











