Mən hələ bir ərəb görməmişəm ki, dinin təsirinə uyaraq ağlını itirsin, fanatikləşsin. Onlar bu dinə öz milli, maddi və mənəvi maraqları prizmasından yanaşırlar. Çünki İslam dini onların birləşməsinə, dövlət qurmasına, dövlət idarəçiliyinə və digər millətləri, xalqları öz təsirləri altına salmasına xidmət edib.
Onlar dinin əsiri deyil, sahibi mövqeyindədirlər.
Bir sözlə, dini mühitin ağasıdırlar. Bu dinin təsiri altına düşən, onun əsirinə çevrilən, bütün həyatını dini ehkamların diktəsi ilə yaşayan, təbii milli kimliyini gözüyumulu şəkildə dini kimliyə qurban verənlər isə, təəssüf ki, əsasən farslar və bizim türklərdir.
Ərəb bizə daş satır, biz isə həmin daşı şeytana atırıq. Ərəbin yaratdığı mifə, nağıla inanırıq. Təbii ki, ərəb də buna baxıb gülür. Bəlkə də elə buna görə bizi sevmir, bəyənmir. Qoy bu barədə bir əhvalatı da danışım.
Yerinə düşür. Bir müddət alman dili kursuna gedirdim. Orada suriyalı bir oğlan vardı. Tərbiyəli, mərifətli təsir bağışlayırdı. Mənimlə yaxınlıq etmişdi. Söhbət əsnasında danışmışdı ki, müharibə zamanı valideynləri və uşaqları ilə birlikdə altı il Türkiyədə yaşayıblar, daha sonra qayıqla Avropaya, Almaniyaya keçərək orada məskunlaşıblar. Bir gün kursda milli məsələlərlə bağlı söhbət gedirdi. Həmin suriyalı oğlan qəfil müəlliməyə müraciət edərək türklərin çox geridə qalmış xalq olduğunu söylədi.
Hətta arxasındakı divarı barmağı ilə göstərib, «Bax, türklər də bu cür kütbeyindirlər» dedi.
Müəllimə şoka düşdü və ona iradını bildirdi: – Bu nə sözdür danışırsan? Heç düşünmürsən ki, burada türk də ola bilər?
Suriyalı oğlan təəccüblə soruşdu: – Kim var ki, burada türk? Müəllimə məni göstərdi.
O isə dərhal: – O azərbaycanlıdır axı, – deyə cavab verdi.
Mən də ona dedim: – Əvvəla, azərbaycanlı da elə türk deməkdir. İkincisi, sən çox vicdansız adamsan. Ailənlə birlikdə müharibədən qaçıb Türkiyəyə sığınmısınız, altı il orada yaşamısınız, Türkiyənin imkanlarından bəhrələnmisiniz, sonra da Almaniyaya gəlib türklərin arxasınca danışırsan. Burada gənc adamsan, sənə daha sərt cavab vermək istəmirəm. Amma unutma ki, Frankfurt bölgəsində türklər çoxdur. Bu cür təhqiramiz fikirlərin eşidilsə, özün üçün ciddi problemlər yarada bilərsən. Oğlan qızardı, nə edəcəyini bilmədi. Sonda üzr istədi. Bu, yaşadığım real hadisədir.
Üstəlik, türklərə qarşı belə münasibətlə ilk dəfə rastlaşmırdım. Bir qədər əvvəlki statuslarımdan birində yazmışdım ki, insan hətta professor, fizik, kibernetika mütəxəssisi olsa belə, əgər şeytana daş atmaq kimi dini rituala kor-koranə inanırsa, müəyyən mənada reallıq hissini və məntiqi düşünmə qabiliyyətini itirir. Sanki ovsunlanır. İndi bu fikrimə bir məqamı da əlavə edirəm: söhbət təkcə hansısa türkün professor olmasından getmir. Hətta ən tanınmış siyasətçi də dini fanatizmin təsiri altına düşəndə eyni vəziyyətə gəlib çıxır.
Dindarlaşan türk bəzən ərəb olmaqdan da çox müsəlman olmaq istəyir. Nəticədə türk öz milli kimliyini, milli ruhunu və tarixi özünəməxsusluğunu dini kimliyin kölgəsində qoyur.
Mənim qənaətimcə, türkün qılıncını dini ilə qıran da məhz bu düşüncə tərzi olub. Beş yüz il türk imperiyasının hakimiyyəti altında yaşayan ərəb türkləşmədi, əksinə, türk getdikcə ərəbləşdi. Öz milli ruhundan, kimliyindən uzaqlaşdı.
İlqar Altay












