Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hazırda həbsdə olan keçmiş deputat və iş adamı Hüseyn Abdullayevlə anası Zeynəb Abdullayevanın Azərbaycan hökumətinə qarşı şikayətləri üzrə icraata xitam verib.
Bu barədə Gununsesi.info-ya Avropa Məhkəməsindən daxil olan məlumatda deyilir.
Bildirilir ki, 12 noyabr 2026-cı il tarixdə açıqlanan qərara əsasən, ərizəçilərin şikayətlərini geri götürmək barədə ifadələri qəbul edildikdən sonra və “Abdullayev və Abdullayeva Azərbaycana qarşı” iş Məhkəmənin baxılacaq işlər siyahısından çıxarılıb.
Qeyd edək ki, Hüseyn Abdullayev və anası 14 aprel 2021-ci ildə AİHM-ə müraciət etmiş, şikayət 16 iyul 2024-cü ildə Azərbaycan hökumətinə kommunikasiya olunmuşdu.
Ərizəçilər şikayətlərində ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, mülkiyyət hüququ və Konvensiyanın 18-ci maddəsinin pozulduğunu iddia edirdilər. Onlar cinayət təqibinin ədalətliliyini, məhkəmənin müstəqilliyini, əmlaklarının müsadirəsini və cinayət təqibinin siyasi motivli olmasını mübahisələndirirdilər.
Lakin sonradan Hüseyn Abdullayev və Zeynəb Abdullayeva həmin iddialardan tamamilə imtina etmək qərarına gəliblər.
Gununsesi.info-ya açıqlamasında ailənin vəkili Cavad Cavadov məlumatı təsdiq edib.
O, bildirib ki, şikayətlərin geri götürülməsi ərizəçilərin sərbəst iradəsinin nəticəsidir:
”Onlar hüquqi mövqelərini yenidən qiymətləndirərək Azərbaycan hökumətinə qarşı irəli sürdükləri tələblərdən imtina etməyi məqsədəuyğun hesab ediblər. Qərar ərizəçilərin özləri tərəfindən qəbul olunub və onların iradəsinə uyğun olaraq Avropa Məhkəməsinə çatdırılıb”.
Zeynəb Abdullayevanın özü də saytımıza açıqlamasında bildirib ki, nə onun, nə də oğlunun Azərbaycan dövlətinə qarşı hər hansı iddiası və tələbi var.
O, həmçinin Azərbaycan dövlətinə, dövlətçilik maraqlarına və Prezident İlham Əliyevə sədaqətli olduqlarını, bu mövqelərinin bundan sonra da dəyişməyəcəyini qeyd edib.
Zeynəb Abdullayeva mərhum Prezident, Ümummilli Lider Heydər Əliyevə hörmət və sədaqətlərinin daim olduğunu, eyni münasibətin onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevə qarşı da qorunduğunu vurğulayıb.
Afət Abbasova
Gununsesi.info












