Ustadların nəfəsi, sazın sehri, Kəlbəcərin ruhu – I Aşıq Festivalı başa çatdı/VİDEO

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Konservatoriyası (AMK), Kəlbəcər Rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və  Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə bu ilin may ayında başlanan I Kəlbəcər Aşıq Festivalı başa çatıb.

Gununsesi.info xəbər verir ki, festivalın bağlanış mərasimi Gəncə şəhərində yerləşən Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evində keçirilib. Mərasimdə bir sıra dövlət rəsmiləri, tanınmış musiqi xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, aşıqlar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Aşıq Şəmşir Ocağı İB-nin sədri Cavid Qurbanov, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə və mədəniyyət nazirinin müavini Murad Hüseynov  Zəfər Günü münasibətilə təbriklərini çatdıraraq, xalqımızın tarixi qələbəsinin milli yaddaşımızda və mənəvi dəyərlər sistemimizdə xüsusi yer tutduğunu vurğulayıblar. Daha sonra aşıq sənətinin Azərbaycan xalqının çoxəsrlik mədəniyyət tarixindəki müstəsna rolundan bəhs edilib. Qeyd olunub ki, xalqımızın milli kimliyini, dünyagörüşünü, qəhrəmanlıq salnaməsini, sevinc və kədərini özündə yaşadan aşıq sənəti zəngin mənəvi irsimizin ayrılmaz tərkib hissəsidir.

Bu sənətin əsrlərdən bəri qorunub saxlanılması, ustad sənətkarların yaratdığı ənənələrin yaşadılması və gənc nəslə ötürülməsi mühüm mədəni vəzifələrdəndir. Festivalın da bu istiqamətdə əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb. Daha sonra  festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Müxtəlif nominasiyalar üzrə fərqlənən iştirakçılara diplomlar və pul mükafatları təqdim olunub. Mükafatlandırma mərasimi festivalın yadda qalan məqamlarından biri olmaqla yanaşı, aşıq sənətinə göstərilən diqqət və dəstəyin, sənətkarların əməyinə verilən yüksək dəyərin ifadəsi kimi diqqət çəkib.

Mərasimin bədii hissəsində isə aşıqların, tanınmış musiqi ifaçılarının və əməkdar artistlərin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub. Orkestrin müşayiəti ilə səsləndirilən musiqi nömrələri, aşıq havaları və xalq mahnıları iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səhnədə nümayiş etdirilən ifalar Azərbaycan musiqi mədəniyyətinin zənginliyini, aşıq sənətinin özünəməxsus gözəlliyini və yaşadılan sənət ənənələrini bir daha nümayiş etdirib.

Festivalın keçirilməsi Azərbaycan xalqının əsrlərin sınağından çıxaraq bu günümüzə gəlib çatan zəngin aşıq sənətinə ehtiramın, milli-mənəvi dəyərlərimizə bağlılığın ifadəsi olub. Sazın simində xalqımızın tarixi, sözün qüdrətində ruhu, aşığın avazında isə yurd sevgisi, el-obaya bağlılıq və milli yaddaşımız yaşayır. Nəsillərdən-nəsillərə ötürülən bu sənət təkcə musiqi ənənəsi deyil, həm də xalqımızın mənəvi dünyasının, düşüncə tərzinin və tarixi yaddaşının canlı salnaməsidir. Kəlbəcər torpağının adı ilə bağlı belə bir festivalın təşkili isə xüsusi rəmzi məna daşıyır. Çünki Kəlbəcər tarixən sazın, sözün, ustad aşıqların və el sənətinin beşiyi kimi tanınıb.

Bu festival bir daha sübut etdi ki, yurdun mədəni yaddaşı yaşayır, onun sazı-sözü susmur. I Kəlbəcər Aşıq Festivalı aşıq sənətinin təbliği, ustad ənənələrinin yaşadılması, gənc istedadların üzə çıxarılması və milli musiqi irsimizin daha geniş auditoriyaya çatdırılması baxımından əlamətdar mədəni hadisə kimi yadda qaldı. Sazın səsi kəsilmədikcə, ustadların sözü yaşadıqca, Kəlbəcərin mənəvi dünyası da yaşayacaq. Aşıq Şəmşirin sazından süzülən el nəğmələri, könüllərə yol tapan hikmətli misraları bu gün də Azərbaycan aşıq sənətinin yaddaşında öz əks-sədasını tapır. I Kəlbəcər Aşıq Festivalı isə bir daha göstərdi ki, sazımız da, sözümüz də, sənətimiz də yaşayır və gələcək nəsillərə ötürülür.

 

Zülfiyyə Telmanqızı

Gununsesi.info