8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və əlamətdar səhifələrindən biridir. Bu tarix xalqımızın uzun illər ərzində apardığı siyasi mübarizənin, diplomatik səylərin, güclü dövlət quruculuğunun və hərbi qüdrətinin parlaq nəticəsi kimi yaddaşlara həkk olunub.
Zəfər Günü yalnız hərbi qələbənin qeyd edildiyi tarix deyil, həm də Azərbaycanın milli maraqlarını qorumaq əzminin, dövlət suverenliyinə bağlılığının və tarixi ədalətin bərpasının rəmzidir.
Azərbaycan müstəqilliyinin ilk illərindən etibarən Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Torpaqlarımızın işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərimizin dağıdılması xalqımızın yaddaşında ağır izlər buraxdı. Beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənsə də, uzun illər ərzində bu sənədlərin icra olunmaması münaqişənin həllini çətinləşdirdi.
Azərbaycan bütün bu müddət ərzində öz haqlı mövqeyini beynəlxalq müstəvidə müdafiə etdi. Diplomatik danışıqlar, beynəlxalq təşkilatlarla əməkdaşlıq və hüquqi əsaslara söykənən siyasi fəaliyyət ölkəmizin mübarizəsinin əsas istiqamətlərindən oldu.
Bununla yanaşı, Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən biri iqtisadi və hərbi potensialın gücləndirilməsi idi.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkənin inkişafında mühüm mərhələ yaratdı. İqtisadiyyatın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir hərbi texnologiyaların əldə edilməsi və peşəkar ordunun formalaşdırılması Azərbaycanın strateji prioritetlərinə çevrildi.
Nəticədə Azərbaycan Ordusu müasir dövrün müharibə tələblərinə uyğun güclü hərbi qüvvəyə çevrildi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu uzunmüddətli hazırlığın və siyasi iradənin real nəticəsini nümayiş etdirdi. 44 gün davam edən müharibə ərzində Azərbaycan Ordusu bir sıra şəhər və kəndlərimizi, strateji yüksəklikləri işğaldan azad etdi. Cəbhədə qazanılan uğurlar ölkəmizin hərbi üstünlüyünü, əsgər və zabitlərimizin peşəkarlığını və yüksək döyüş ruhunu bütün dünyaya göstərdi.
Vətən müharibəsi eyni zamanda informasiya və diplomatiya sahəsində də ciddi mübarizə idi. Azərbaycan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırır, münaqişənin tarixi və hüquqi əsaslarını izah edir, informasiya manipulyasiyalarına qarşı mübarizə aparırdı. Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici hadisələrdən biri oldu. Bu uğur Azərbaycan Ordusunun hərbi məharətini və əsgərlərimizin misilsiz qəhrəmanlığını nümayiş etdirdi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi.
Beləliklə, 44 günlük Vətən müharibəsi Azərbaycanın uzun illər davam edən siyasi və diplomatik mübarizəsini tarixi hərbi Zəfərlə tamamladı. Bu qələbə dövlətimizin gücünü, xalqımızın iradəsini və ordumuzun qüdrətini təsdiqlədi.
Bu gün 8 Noyabr – Zəfər Günü Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş nöqtəsi kimi qeyd olunur. Bu tarix gələcək nəsillərə güclü dövlətin, məqsədyönlü siyasətin və milli maraqlar ətrafında birliyin əhəmiyyətini aşılayır. Zəfərimiz sübut etdi ki, müstəqilliyini və suverenliyini qorumaq əzmində olan dövlət öz gücünə, xalqına və ordusuna arxalanaraq ən mürəkkəb tarixi sınaqlardan qalib çıxa bilər.
Elmar











