Cavid Qurbanov: “8 Noyabr xalqımızın taleyində yeni bir səhifənin açıldığı tarixi gündür”

  • Müəllif: Orxan
  • 06 Noyabr 2026 16:44

“Azərbaycanda bayramlar, əlamətdar günlər çoxdur. Amma bunlar arasında ən önəmlilərindən biri 8 Noyabr -Zəfər bayramıdır. 8 Noyabr xalqımızın taleyində yeni bir səhifənin açıldığı, Azərbaycan dövlətçiliyinin gücünün və xalqımızın milli iradəsinin bütün dünyaya nümayiş olunduğu tarixi gündür”.

Bunu Gununsesi.info-ya açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Aşıq Şəmşir Mədəniyyəti Ocağı İctimai Birliyinin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Qarabağ Zəfəri təkcə hərbi qələbə deyil, həm də uzun illər davam edən mübarizənin, dövlətçilik əzminin və milli birliyin nəticəsidir:

“Bu qələbənin arxasında Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı, xalqımızın sarsılmaz iradəsi və şəhidlərimizin müqəddəs qanı dayanır.
Bu tarixi Zəfərdə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyətli rəhbərliyi və uzaqgörən strategiyası xüsusi yer tutur. Dövlət başçısının illər ərzində həyata keçirdiyi ordu quruculuğu, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqlara əsaslanan siyasəti Zəfərə aparan yolun mühüm amilləri oldu. Müharibə günlərində onun qətiyyətli mövqeyi, xalq qarşısında çıxışları və beynəlxalq informasiya məkanında apardığı mübarizə də qələbənin mühüm tərkib hissəsinə çevrildi. Biz torpaqlarımızı yalnız diplomatik masalarda deyil, döyüş meydanında da müdafiə etdik. Çünki tarix göstərdi ki, Vətəni sevmək qədər onu qorumaq əzmi də vacibdir. Bəzən bir qarış torpağın azadlığı üçün minlərlə insanın fədakarlığı, qanı və canı bahasına mübarizə aparmaq lazım gəlir. Qarabağ bunun ən böyük tarixi nümunəsidir.

Bu gün bizim borcumuz Zəfəri yalnız bayram etmək deyil, onu qorumaq, azad edilmiş torpaqları inkişaf etdirmək, şəhidlərimizin əmanətinə sahib çıxmaqdır. Qarabağda aparılan quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinc dolu anları Zəfərin davam edən nəticələridir”.

Zülfiyyə Telmanqızı
Gununsesi.info