“STOP” niyə “TOXTA” olmamalıdır?

  • Müəllif: Orxan
  • 05 Noyabr 2026 15:11

Milli Məclisin deputatı Hikmət Babaoğlunun yol nişanlarında istifadə olunan “STOP” sözünün “TOXTA” sözü ilə əvəzlənməsi təklifi, yumşaq desək, mübahisəli təşəbbüsdür.

Deputatın arqumenti ondan ibarətdir ki, “STOP” Azərbaycan sözü deyil və onun milli qarşılığı ilə əvəzlənməsi dilimizin zənginləşməsinə xidmət edə bilər.

İlk baxışdan bu yanaşma dilə qayğı kimi görünə bilər. Amma dövlət idarəçiliyində, xüsusilə yol hərəkətinin təhlükəsizliyi kimi həssas sahədə qərarlar sözlərin milli və ya xarici mənşəyinə görə deyil, funksionallığına, beynəlxalq standartlara və ictimai təhlükəsizliyə görə verilməlidir.

Əvvəla, “STOP” sadəcə hansısa xarici dildən götürülmüş söz deyil. Bu, dünyanın əksər ölkələrində sürücülər tərəfindən tanınan beynəlxalq yol hərəkəti nişanının üzərindəki standart ifadədir. Onun əsas üstünlüyü məhz universal tanınmasındadır.

Azərbaycana gələn əcnəbi sürücü, turist və ya tranzit nəqliyyat vasitəsinin sürücüsü səkkizbucaqlı qırmızı nişanı və üzərindəki “STOP” yazısını dərhal tanıyır. Biz həmin yazını “TOXTA” ilə əvəz etdikdə isə beynəlxalq anlaşılma üstünlüyünü zəiflədirik.

Daha vacib məqam ondan ibarətdir ki, Azərbaycan 1968-ci il Vyana yol hərəkəti və yol nişanları konvensiyalarına qoşulub. Bu sənədlərin məqsədi müxtəlif ölkələrdə yol hərəkəti nişanlarının mümkün qədər vahid olmasını təmin etmək, sürücülərin hərəkətini asanlaşdırmaq və təhlükəsizliyi artırmaqdır.

Deməli, burada söhbət sadəcə dil seçimindən deyil, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən gedir.

İkincisi, “TOXTA” sözünün semantik mənası da bu nişanın tələb etdiyi hüquqi məzmunla tam üst-üstə düşmür. Hikmət Babaoğlu özü də izah edir ki, “toxta” dayanmaq, nəfəs dərmək və sonra hərəkəti davam etdirmək çalarını ifadə edir. Halbuki STOP nişanı sürücüyə nəfəsini dərməyi və ya qısa fasilə verməyi tövsiyə etmir. O, avtomobilin tam dayandırılmasını tələb edir. Yol boş olsa belə, sürücü dayanmalı, yolayrıcında hərəkət üstünlüyü olan nəqliyyat vasitələrinə yol verməlidir.

Yəni burada poetik məna axtarmağa ehtiyac yoxdur. Yol nişanı bədii ədəbiyyat deyil, hüquqi tələbdir. Onun üzərindəki söz mümkün qədər qısa, aydın və birmənalı olmalıdır.

Üçüncüsü, bu təklifin iqtisadi tərəfi də var. Ölkə üzrə minlərlə yol nişanının dəyişdirilməsi, yeni lövhələrin hazırlanması, quraşdırılması və mövcud nişanların yenilənməsi əlavə dövlət xərcləri deməkdir. Büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsinə ehtiyac olduğu bir vaxtda sırf söz dəyişdirmək naminə belə xərcə getmək nə dərəcədə məntiqlidir? Üstəlik, dəyişiklik yalnız nişanların istehsalı ilə bitməyəcək, təlimatlarda, sürücülük materiallarında və digər əlaqəli informasiya resurslarında da yenilənmə tələb edə bilər.

Dördüncüsü, dilin qorunmasını alınma sözlərlə mübarizə aparmaq kimi başa düşmək düzgün deyil. Heç bir dil bütün sözlərini yalnız öz daxili imkanları hesabına formalaşdırmır. Azərbaycan dili də əsrlər boyu müxtəlif dillərdən sözlər qəbul edib, onları öz fonetik və qrammatik sisteminə uyğunlaşdırıb. Bu, dilin zəifliyi deyil, onun inkişafının təbii prosesidir.

Əgər hər bir alınma sözü milli qarşılığı ilə əvəz etməyi dövlət siyasətinə çevirsək, onda sabah “kompüter”, “internet”, “telefon”, “radar” və onlarla başqa sözü də dəyişdirmək təklifləri ilə qarşılaşa bilərik.

Bəs bunun sonu harada olacaq? Dilin zənginləşməsi üçün əsas meyar sözün mənşəyi deyil, onun düzgün, yerində və anlaşıqlı işlədilməsidir.

Əlbəttə, Azərbaycan dilində “dayan”, “dur” kimi sözlərin işlədilməsinə heç bir etiraz yoxdur. Hətta yol nişanlarının izahında və maarifləndirici materiallarda Azərbaycan dilində qarşılıqlardan istifadə etmək faydalıdır. Amma bu, beynəlxalq standartlaşdırılmış nişanın üzərindəki yazını dəyişdirməklə eyni məsələ deyil.

Əsas sual isə budur ki, Azərbaycanda yol təhlükəsizliyinin həlli üçün doğrudanmı ən vacib məsələ STOP sözünün TOXTA ilə əvəzlənməsidir?

Yollarımızda sürücülərin intizamsızlığı, yol nişanlarına əməl edilməməsi, piyada təhlükəsizliyi, yol infrastrukturunun vəziyyəti və qəza hallarının azaldılması kimi kifayət qədər ciddi problemlər var. Dövlət və parlament nümayəndələrinin diqqəti, ilk növbədə, bu problemlərin həllinə yönəlməlidir.

Dili qorumaq vacibdir, amma dili qorumaq xatirinə beynəlxalq standartları, təhlükəsizlik prinsiplərini və dövlət vəsaitlərinin səmərəli istifadəsini ikinci plana keçirmək olmaz.

Milli olmaq hər şeyi dəyişdirmək deyil. Bəzən milli maraq beynəlxalq standartı olduğu kimi qoruyub saxlamağı tələb edir.

Elmar

Gununsesi.info