Siyasətçi İlqar Məmmədov Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı fikirlərini bölüşərək rəsmi Bakının sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərtinə bağlamasını diplomatik yanlışlıq kimi qiymətləndirib.
Gununsesi.info-nun xəbərinə görə, İlqar Məmmədov hesab edir ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi sülh prosesində real təhlükəsizlik təminatı yaratmır, əksinə, dəyərli tarixi vaxtın itirilməsinə səbəb olub.
O bildirib ki, hüquqi yanaşmanın siyasi və diplomatik müzakirələri üstələməsi bu nəticəni qaçılmaz edib:
“İndi gəlib çıxdıq sülhü daha da çox əngəlləyən vəziyyətə. ABŞ bizim Ermənistanla danışıqlarda ən təsirli vasitəçi rolunu qazanmışdı. Trampın mövqeyi buna yardımçı idi. Bu imkandan istifadə edib, heç 907-ci düzəlişin ləğvinə də nail olmadıq”.
Məmmədovun fikrincə, ABŞ-də siyasi vəziyyətin dəyişməsi və Konqresdə Ermənistanla bağlı mövqelərin güclənməsi Azərbaycan üçün diplomatik prosesi daha da mürəkkəbləşdirə bilər. O, vaxtında addımlar atılmadığı təqdirdə Azərbaycanın hərbi qələbəsinə layiq sülh sazişinə nail olmağın çətinləşəcəyini vurğulayıb.
Siyasətçi diplomatik uğursuzluğun əsas səbəblərindən birini 2020–2023-cü illərdən sonra xarici siyasət gündəminin hakimiyyət tərəfindən həddindən artıq nəzarətdə saxlanılması ilə əlaqələndirib.
O, televiziya məkanında xarici siyasət məsələlərinin birtərəfli təqdim olunmasını tənqid edərək, bu sahədə sərbəst, hərtərəfli və vaxtında müzakirələrin aparılmasına şərait yaradılmasının vacibliyini qeyd edib.
İlqar Məmmədov hesab edir ki, xarici siyasətdə effektiv nəticələr əldə etmək üçün fərqli mövqelərin səsləndirilməsinə və peşəkar müzakirələrə imkan verilməlidir.
Elmar












