“Ərdoğanın səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq” -ŞƏRH

“Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfər etməsi və Zəfər bayramı tədbirlərində iştirakı Azərbaycan-Türkiyə arasında mövcud olan sarsılmaz dostluğun və müttəfiqliyin bariz nümunəsidir”.

Bu fikirləri Gununesi.info -ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:

 

“Təbii ki, son aylarda iki ölkə arasında müəyyən fikir ayrılıqlarının və soyuqluq əlamətlərinin hiss olunması mümkündür. Lakin hesab edirəm ki, bu məqamlar Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmədi, əksinə, münasibətlərin daha da möhkəmlənməsinin vacibliyini ortaya qoydu.

 

Düşünürəm ki, Ərdoğanın bu səfəri Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İki ölkə liderinin yenidən bir araya gəlməsi həm siyasi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda, region dövlətlərinə ünvanlanmış mühüm mesajdır: Türkiyə Azərbaycanın həm sevincli, həm də çətin günlərində daim onun yanındadır”.

 

O əlavə edib ki, Ərdoğanın səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq:

“Bu səfər dosta da, düşmənə də bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və heç bir qüvvə bu birliyi poza bilməz”.

 

Şəbnəm

Gununesi.info