2017–2025-ci illərdə Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb.
Gununsesi.info xəbər verir ki, bunu Teymur Musayev “Buzlaqlarla əlaqədar uyğunlaşma, azaltma, itki və zərər, onların monitorinqinin maliyyələşdirilməsi” mövzusunda yüksək səviyyəli tədbirdə çıxışı zamanı bildirib.
O, “Azərkosmos”un peyk müşahidələrinin nəticələrinə istinad edərək buzlaqların əriməsinin sürətləndiyini diqqətə çatdırıb. Qeyd edib ki, Qusarçay hövzəsində son 19 ildə aparılan ardıcıl tədqiqatlar qar örtüyünün su ehtiyatlarındakı payının azaldığını göstərir.
T.Musayevin sözlərinə görə, buzlaqların sürətlə əriməsi milyardlarla insanın su təhlükəsizliyini təhdid edir. Çoxillik donuşluğun əriməsi, torpaq sürüşmələri və dağıdıcı daşqınlar da daha tez-tez müşahidə olunur.
O bildirib ki, Azərbaycan COP29 sədrliyi dövründə dağlıq regionların problemlərini prioritetlərdən birinə çevirib. Bakıda keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində Qırğızıstan və Monqolustanla birlikdə dağ ekosistemlərinin qorunmasının qlobal gündəliyə çıxarılması istiqamətində addımlar atılıb.
Çıxışda 70-dən çox ölkənin və təqribən 100 maraqlı tərəfin dəstəklədiyi “İqlim Fəaliyyəti üçün Su üzrə COP29 Bəyannaməsi”nin, həmçinin “Su üzrə Bakı Dialoqu”nun əhəmiyyəti vurğulanıb.
T.Musayev elmi müşahidələrin uzunmüddətli iqlim maliyyələşməsi ilə dəstəklənməsinin vacibliyini qeyd edib. O, erkən xəbərdarlıq sistemlərinin və peyk texnologiyalarının tətbiqinə çağırıb.












