İraq Kürdüstanında siyasi böhran dərinləşir:  - Politoloq

  • Müəllif: Orxan
  • 11 Noyabr 2026 12:42

İraq Kürdüstanında iki əsas siyasi qüvvə – Kürdüstan Demokrat Partiyası (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyi (PUK) arasında uzun müddətdir davam edən fikir ayrılıqları açıq siyasi qarşıdurma mərhələsinə keçib. PUK lideri Bafel Tələbani partiyasının Kürdüstan Regional Hökumətindən çıxdığını və Ərbildə keçirilən parlament iclasında qəbul edilən qərarları tanımadığını bəyan edib.

Bafel Tələbaninin KDP-nin Ərbildə öz prezidentini, baş nazirini və nazirlərini təyin edəcəyi təqdirdə, PUK-un da Süleymaniyyədə analoji addımlar atacağı ilə bağlı açıqlaması regionda ikili idarəçilik modelinin yenidən bərpa olunması ehtimalını gündəmə gətirib.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı politoloq Turan Rzayevin təhlilinə görə, hazırkı böhran yalnız parlamentin spiker seçkisi ilə bağlı deyil. Bu, uzun illərdir yığılıb qalan siyasi, iqtisadi və inzibati ziddiyyətlərin nəticəsidir.

Politoloq qeyd edir ki, İraq Kürdüstanı formal olaraq vahid muxtar siyasi qurum olsa da, regionda faktiki güc bölgüsü uzun müddətdir iki əsas siyasi mərkəz ətrafında formalaşıb. KDP-nin əsas dayaqları Ərbil və Duhok, PUK-un siyasi təsir dairəsi isə əsasən Süleymaniyyədir. Hər iki partiya yalnız siyasi strukturlara deyil, təhlükəsizlik, iqtisadiyyat, yerli idarəçilik və media sahələrinə də ciddi təsir imkanlarına malikdir.

1990-cı illərdə KDP və PUK arasında silahlı qarşıdurmaya qədər gedib çıxan mübarizə nəticəsində region faktiki olaraq iki ayrı idarəçilik zonasına bölünmüşdü. 2006-cı ildə əldə olunan razılaşma ilə administrasiyalar formal olaraq birləşdirilsə də, siyasi və təhlükəsizlik sahəsindəki fərqlər tam aradan qalxmadı. Beləliklə, iki fərqli siyasi sistem vahid hökumət çətiri altında fəaliyyətini davam etdirdi.

2024-cü ilin oktyabrında keçirilən parlament seçkilərində KDP 39, PUK isə 23 mandat əldə edib. Lakin seçkilərdən sonra hökumətin formalaşdırılması, yüksək vəzifələrin bölüşdürülməsi və parlament rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmayıb. Nəticədə siyasi böhran daha da dərinləşib.

Noyabrın 4-də parlamentin fəaliyyətini bərpa etməsi və KDP-nin namizədi Vala Fəridin spiker seçilməsi PUK-un etirazına səbəb olub. PUK iclası boykot edərək qəbul edilən qərarların siyasi razılaşmaya əsaslanmadığını bildirib. Noyabrın 5-də Bafel Tələbaninin hökumətdən çıxmaq barədə açıqlaması isə qarşıdurmanı yeni mərhələyə daşıyıb.

Turan Rzayevin fikrincə, mübahisənin əsasını hakimiyyət bölgüsü təşkil edir. KDP seçkilərdə daha çox mandat qazanmasını əsas gətirərək idarəçilikdə aparıcı mövqeyinin tanınmasını istəyir. PUK isə ikinci böyük siyasi qüvvə kimi hökumətdə real səlahiyyət və təsir imkanlarına malik olmaq niyyətindədir. Prezidentlik, baş nazirlik, təhlükəsizlik strukturları, maliyyə və iqtisadi resurslara nəzarət tərəflər arasında əsas mübahisə predmetləridir.

Orxan

Gununsesi.info