9 Noyabr – Dövlət Bayrağı Günü Gəncədə təntənəli şəkildə qeyd olunub. Bayram münasibətilə şəhərin əsas küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə yürüş təşkil edilib.
Gununesi.info xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə keçirilən yürüşdə şəhərin ictimaiyyət nümayəndələri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, ali və orta təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də çoxsaylı şəhər sakinləri iştirak ediblər.
Azərbaycan Ordusunun hərbi qulluqçularının nizamlı addımlarla irəliləməsi, hərbi orkestrlərin ifasında səslənən vətənpərvərlik mahnıları yürüşə xüsusi təntənə qatıb. Şəhər sakinləri hərbçiləri alqışlarla qarşılayaraq bu qürurverici anlara böyük maraq göstəriblər.
Nizami Gəncəvi prospektindən start götürən yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi boyunca davam edib, Atatürk prospektində başa çatıb.
Zülfiyyə Telmanqızı









