ZƏFƏR BİZİM ÜÇÜN NƏDİR?

  • Müəllif: Firuzə
  • 08 Noyabr 2026 13:02

Bu gün xalqımız son iki yüzilliik tarixini ən şanlı səhifəsi olan – 8 Noyabr Zəfər Gününün altıncı ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edir.

Bu Zəfər sadəcə 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan dövlətinin gücünün, iradəsinin və qətiyyətinin dünyaya nümayiş etdirməsi deyildi, bu, həm də 2023-cü il sentyabrın 20-ə, suverenliyimizin bərpasına gedən yolun başlanğıcı idi.
Məhz buna görə də 8 Noyabr Zəfər Gününü 20 Sentyabr Suverenlik Günündən ayrı təsəvvür etmək mümkün deyil. Bunlar vahid bir milli mücadilənin iki möhtəşəm tarixi zirvəsidir.

Bəs, Zəfər bizim üçün nədir və onu necə anlamalıyıq?

Bu sualın çox dərin milli, siyasi, mənəvi və hüquqi aspektləri var. Hər kəs bu suala fərqli cavab verə bilər. Lakin əminəm ki, hamımız Zəfər haqqında danışarkən və ya düşünərkən bunları mütləq qeyd edərdik:

1. Zəfər Azərbaycan xalqının yenidən doğulduğu, tapdalanmış heysiyyətinin və mənliyinin bərpa olunduğu, əyilmiş qamətinin dikəldiyi, şərəf və ləyaqətinin tarix sınağından alnıaçıq, üzüağ çıxdığı möhtəşəm tarixi hadisə, mislisiz milli nailiyyətdir.

2. Zəfər ölümün gözünə dik baxaraq torpaqlarımızı işğaldan azad edən, düşməni məhv edən Şəhidlərimizin unudulmayacaq həyat hekayəsi, alın yazısı və qəhrəmanlıq səlnaməsidir. Xaqlımızın işğalla heç vaxt barıçmayacağını ehtiva edən “Ya Qarabağ, ya ölüm!” şüarının sadəcə söz olmadığnın və praktiki məna kəsb etdyinin sübutudur.

3. Zəfər Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin, iqtidar-xalq birliyinin, Heydər Əliyev siyasətini və Azərbaycançılıq ideologiyasının təntənəsidir.

4. Zəfər Prezident İlham Əliyevin 17 il ərzində qurduğu güclü dövlətin, yaratdığı qüdrətli Ordunun və formalaşdırdığı sarsılmaz milli ruhun torpaqlarımızın azadlığı naminə vahid gücə, sarsılmaz iradəyə və “Dəmir Yumruğa” çevrildiyi məntiqi yekundur.

5. Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi dühasının, strateji düşüncəsinin, sarsılmaz iradəsinin və sərkərdəlik məharətinin hərb meydanında, informasiya məkanında və diplomatik cəbhədə öz təsdiqini tapdığı, tarixdə əbədi yaşayacaq milli mücadilə dastanıdır.

6. Zəfər Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığının, döyüş məharətinin və şücaətinin bütün dünyaya nümayiş etdirildiyi, XXI əsrdə müasir müharibə konsepsiyasını dəyişən Azərbaycan ordusunun adını dünya hərb tarixinə qızıl hərflərlə yazdığı gündür.

7. Zəfər bir oğlunu şəhid verdikdən sonra digər oğlunu da Vətən uğrunda qurban verməyə hazır olduğunu bildirən, “təki torpaqlarımız işğaldan azad olsun!” deyən şəhid Anasının, həyat yoldaşının nəşini öz çiyinlərində son mənzilə aparan Azərbaycan qadınının sözlə ifadə oluna bilməyəcək mərdliyinin, mətanətinin, Vətənə sədaqətinin və milli qürurunun təcəssümüdür.

8. Zəfər könüllü cəbhəyə yollanan, hərbi komissarlıqların qarşısında “məni də döyüşə aparın!” deyə hayqıran gəncliyin vətən sevgisi, fədakarlığı və düşməndən almaq istədiyi qisas duyğusudur.

9. Zəfər düşmənin Gəncədə, Tərtərdə, Bərdədə qorxu və vahimə yaratmaq, əhalinin Bakıya kütləvi köçünə səbəb olmaq məqsədilə alçaqcasına həyata keçirdiyi bombardmanlara dözərək, itki vermələrinə baxmayaraq evlərini tərk etməyən, sona qədər azadlıq müharibəsinə dəstək verən soydaşlarımızın qəhrəmanlığı və sarsılmaz iradəsidir.

10. Zəfər milli təqvimimizin yenidən yazılması, şəhər və rayonlarımızın işğal günlərinin həmin ərazilərin azad edildiyi günlərlə əvəz edilməsidir.

11. Zəfər Xocalının və bütün şəhidlərimizin qisasının alınması, onilliklər boyu gözlədiyimiz tarixi ədalətin bərpası, xalqımızın qəlbindəki sağalmaz yaralara məlhəm olan böyük Qələbədir.

12. Zəfər xalqımıza qarşı müharibə cinayətləri və soyqırımı aktları törətmiş canilərin ədalət mühakiməsi qarşısında cavab verməsinin, törətdikləri əməllərə görə layiqli cəzalarını almalarının və nəhayət, ədalətin öz yerini tapmasının başlanğıcıdır.

13. Zəfər 20 sentyabr 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərpası ilə nəticələnən, separatizmin kökünün birdəfəlik kəsilməsinə və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasına yol açan tarixi antiterror əməliyyatının siyasi və hərbi zəminini yaradan böyük Qələbədir.

Retorik sual:

Bəzən insan düşünür: əgər biz torpaqlarımızı müharibə və qəhrəmanlıq yolu ilə deyil, yəni, möcüzə baş versəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunması yolu ilə geri alsaydıq, biz bu gün yaşadığımız Zəfər hisslərini eyni şəkildə yaşaya bilərdikmi?
Erməni separatizminin kökünü birdəfəlik kəsə, düşməndən qisasımızı ala bilərdikmi?

Əlbəttə, xeyr!
Çünki bu, zədələnmiş və tapdalanmış milli heysiyyətimizə məlhəm olmayacaqdı.
Biz ömür boyu döyüş meydanında məğlub olmuş, torpaqlarını isə öz gücü və iradəsi hesabına deyil, başqalarının qərarı və səyi nəticəsində geri qaytarmış xalq kimi tarixdə qalacaqdıq.
Bütün ömrümüz boyu bu acı və iztirabla yaşayacaqdıq.
Milli yaddaşımızda məğlubiyyətin ağrısı, milli qürurumuzda isə sağalmayan bir yara qalacaqdı.
Bəli, bu Qələbə qansız, itkisiz başa gəlmədi.
Biz bu şanlı Zəfəri şəhidlərimizin qanı, qazilərimizin canı və sağlamlığı bahasına qazandıq.
Amma onu özümüz qazandıq!
Azərbaycan xalqı qazandı!
Heç kimin əvəzimizə döyüşmədiyi, heç kimin bizim yerimizə qurban vermədiyi bu Qələbəni öz gücümüzə, birliyimizə, misilsiz qəhrəmanlığımıza və şücaətimizə söykənərək əldə etdik.
Uzun illər ərzində beynəlxalq təşkilatların, böyük dövlətlərin və diplomatik səylərin həll edə bilmədiyi, etmək istəmədiyi bir problemi öz gücümüzlə həll etdik.

Bu gün dünyada son 80 ildə heç bir dövlət Azərbaycan kimi öz gücü ilə pozulmuş ərazi bütövlüyünü və suverenliyini bərpa edə bilmyib.
Heç bir dövlət döyüş meydanında əldə etdiyi qələbni Azərbaycan kimi diplomatik meydanda təsdiq edilməsinə nail olmayıb.
Bəli, yalnız biz müharibəni qəti və birmənalı Qələbə ilə başa çatdırdıq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.
Regionun geosiyasi xəritəsini və güc balansını öz xeyrimizə dəyişdik.

Qələbəmizlə Türk dövlətlərinə, xüsusilə Orta Asiyadakı Türk dövlətlərinə yeni güc, inam və qürur bəxş etdik.
Qələbəmizlə Türk dünyasının yenidən canlanmasına, öz tarixi gücünü və birliyini daha dərindən dərk etməsinə ciddi təkan verdik.
Beləliklə, xalqımızın adı şəhidlərimizin qanı ilə dünya tarixinə müzəffər və qalib xalq kimi əbədi həkk olundu.
Şəhidlərin şah əsəri!
Bir də hər bir insan istəyər ki, həyatda özündən sonra bir iz, bir əsər qoyub getsin.
Müəllimin əsəri yetişdirdiyi şagirdlər, memarın əsəri inşa etdiyi binalar, şairin və yazıçının əsəri qələmə aldığı misralar, yaratdığı ədəbi nümunələrdir.
Şəhidlərin isə şah əsəri isə azad etdikləri və qoruduqları torpaqdır, Vətəndir, Bayraqdır!
Şəhidlərin şah əsəri milli kimliyimiz, milli qürurumuz, azadlığımız və suverenliyimizdir.
Şəhidlərin şah əsəri indiki və gələcək övladlarımız, bütövlükdə Azərbaycan xalqıdır!
Məhz buna görə də şəhidlər heç vaxt ölmürlər.
Çünki onların əsərləri yaşayır.
Onların izləri azad edilmiş torpaqlarımızdadır.
Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Xocalıda və yüzlərlə şəhər, qəsəbə və kəndimizdə dalğalanan üçrəngli Bayrağımızdadır.
Şəhidlərin əsərləri bugünkü və gələcək müstəqil, azad, suveren və qalib Azərbaycandır.
Şəhidlər bizim yaddaşımızda, qəlbimizdə, milli ruhumuzda yaşayırlar.
Zəfərimizin əsas memarı və müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızı, qəhrəman ordumuzun və bütövlükdə Silahlı Qüvvələrimizin bütün mənsublarını, Şəhid ailələrini, qazilərimizi Zəfər bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram.

 

Azay Quliyev

Milli Məclisin deputatı

Gununesi.info