Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli konsert proqramı keçirilib.
Gununesi.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan konsertdə Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinovun və digər Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışıb.
O, bu günün xalqımızın birliyinin, gücünün və doğma torpaqlara qayıdış arzusunun gerçəkləşməsinin rəmzi olduğunu vurğulayıb.
Leyla Qasımova, həmçinin Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbədə əməyi olan hər kəsə minnətdarlığını bildirib.











