Yeni Klinika heyəti 8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə şəhərinə səfər edib.
Gununesi.info xəbər verir ki, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə təşkil olunan səfərin əsas məqsədi Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətini bir daha vurğulamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək və kollektiv arasında vətənpərvərlik ruhunu gücləndirmək olub.
Səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi ilə tarixi Zəfərin rəmzi olaraq ağacəkmə aksiyası keçirilib. Daha sonra Gəncə Memorial Kompleksi və Şəhidlər xiyabanı ziyarət edilib.
Ziyarət zamanı Vətən müharibəsində həyatını itirmiş şəhidlərin, eləcə də Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsi dərin ehtiramla yad olunub.
Yeni Klinikanın direktoru Zəhra Vəzirova və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətini vurğulayaraq qələbənin şəhidlərimizin canı, qazilərimizin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi sayəsində qazanıldığını qeyd ediblər.
Zəfər Gününə həsr olunan səfər şəhidlərimizin xatirəsinin yad edilməsi, tarixi qələbəmizin təbliği və kollektiv həmrəyliyinin möhkəmləndirilməsi ilə yadda qalıb.












