Azərbaycan xalqının tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin də milli kimliyinə və yaddaşına təsir göstərir.
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir.
Bu gün Azərbaycan xalqı üçün yalnız hərbi qələbənin deyil, milli qürurun, mənəvi dirçəlişin və tarixi ədalətin bərpasının rəmzidir.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin beşiyidir. Bu şəhər tarixən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.
Şuşanın hər küçəsi, hər daşı və hər tarixi abidəsi xalqımızın zəngin keçmişindən xəbər verir. Məhz buna görə də şəhərin uzun illər işğal altında qalması yalnız ərazi itkisi deyil, həm də milli yaddaşımıza vurulan ağır zərbə idi.
2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycan xalqının bu həsrətinə son qoymaq üçün tarixi fürsət yaratdı. 44 gün ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu mübarizənin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşanın azad olunması oldu.
Şuşa əməliyyatı hərb tariximizdə xüsusi yer tutur. Şəhərin mürəkkəb coğrafi mövqeyi, sıldırım qayalıqları və çətin relyefi hərbi əməliyyatları olduqca mürəkkəbləşdirirdi. Lakin Azərbaycan əsgərlərinin yüksək döyüş ruhu, Vətən sevgisi və misilsiz cəsarəti bu çətinliyin öhdəsindən gəlməyə imkan verdi. Şuşanın azad edilməsi Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazıldı.
Bu Zəfərin əsas dayaqlarından biri Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylik idi. Müharibə günlərində cəbhədə döyüşən hərbçilərlə yanaşı, arxa cəbhədə çalışan insanlar, şəhid ailələrinə dəstək göstərən vətəndaşlar, həqiqətləri dünyaya çatdıran jurnalistlər vahid amal ətrafında birləşmişdilər. Hər kəsin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası idi.
Zəfərin ən ağır qiymətini isə Vətən uğrunda canından keçən şəhidlərimiz ödədilər. Onların qəhrəmanlığı və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq. Qazilərimizin mübarizəsi, hərbçilərimizin şücaəti və şəhid ailələrinin göstərdiyi dözüm bu qələbənin mənəvi təməlini təşkil edir. Zəfər Gününü qeyd edərkən ilk növbədə onların əziz xatirəsini ehtiramla yad etmək hər bir azərbaycanlının borcudur.
Şuşanın azad edilməsi ilə başlayan yeni mərhələ Azərbaycan qarşısında mühüm quruculuq və inkişaf vəzifələri müəyyənləşdirdi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir. Yeni yollar, körpülər, hava limanları, məktəblər, yaşayış kompleksləri və sosial infrastruktur obyektləri inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, illərlə həsrətində olduqları yurdlarında yeni həyat qururlar.
Şuşanın tarixi və mədəni irsinin bərpası da bu prosesin mühüm istiqamətlərindəndir. Şəhərdə tarixi abidələrin, məscidlərin, mədəniyyət ocaqlarının və digər milli irs nümunələrinin bərpası Azərbaycanın öz tarixinə və mədəniyyətinə verdiyi dəyərin göstəricisidir. Şuşa yenidən Azərbaycanın mədəni həyatının əsas mərkəzlərindən birinə çevrilir.
8 Noyabr bizə xatırladır ki, milli birlik, Vətən sevgisi və tarixi yaddaş hər bir xalqın ən böyük mənəvi sərvətidir. Bu Zəfər yalnız torpaqlarımızın azadlığı ilə deyil, həm də xalqımızın özünəinamının, milli qürurunun və gələcəyə inamının bərpası ilə əlamətdardır.
Şuşanın azadlığı Azərbaycan xalqının tarixində heç vaxt unudulmayacaq. Çünki Şuşa bizim milli kimliyimiz, mədəniyyətimiz və qürurumuzdur.
Onun azad edildiyi 8 Noyabr isə şəhidlərimizin qanı, əsgərlərimizin qəhrəmanlığı və xalqımızın birliyi ilə yazılmış əbədi Zəfər tarixidir.
Elmar










