“Regionlarda bəzi yaşayış binalarının təmir olunmaması, yolların yararsız vəziyyətdə qalması kimi problemlərin mediada işıqlandırılması zamanı maneələrlə üzləşilir”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında səsləndirib.
“Bəzi evlər var ki, medianın həmin problemləri işıqlandırmasına imkan verilmir. Belə məlumatlar ictimailəşdirilərkən jurnalistlər müəyyən çətinliklərlə üzləşirlər. Bu, yaxşı hal deyil. Problemi gizlətməklə, onu növbəti illərə ötürməklə biz heç nə əldə etmirik”.
Deputat onu da qeyd edib ki, hökumət nümayəndələri regionlara səfərləri zamanı yerli icra hakimiyyəti orqanlarının əvvəlcədən müəyyən etdiyi marşrutdan kənara çıxaraq sakinlərlə görüşməlidir.
“Bu halda hökumət üzvləri yerlərdəki problemləri birbaşa görə bilərlər”,-deyə deputat əlavə edib.
Şəbnəm












