Ədalətin olmadığı yerdə mərhəmət olmaz: əfv institutuna hüquqi baxış

Əfv haqqında müraciətlərlə bağlı vətəndaşların çoxsaylı sualları bu hüquqi institutun mahiyyətinin daha aydın izahına ehtiyac olduğunu göstərir. Kim əfv üçün müraciət edə bilər? Müraciət hansı qaydada araşdırılır? Hansı hallar nəzərə alınır? Əfv və amnistiya arasında fərq nədən ibarətdir?

 

Bu suallara cavab vermək üçün əfvə yalnız humanizm və mərhəmət anlayışları çərçivəsində deyil, hüquqi prinsiplər, məhkumun islah olunmaq imkanı və zərərçəkmiş şəxsin hüquqları baxımından da yanaşmaq lazımdır.

 

Əfv nədir və amnistiyadan nə ilə fərqlənir?

 

Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsi məhkumun əfv olunması və cəzasının yüngülləşdirilməsi barədə müraciət etmək hüququnu təsbit edir. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə əsasən, əfv etmək Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətidir.

 

Cinayət Məcəlləsinin 82-ci maddəsinə görə, əfv nəticəsində məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilə, cəzasının müddəti azaldıla və ya çəkilməmiş hissə daha yüngül cəza ilə əvəz oluna bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında 25 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, cəzasını çəkmiş şəxsin məhkumluğu da götürülə bilər.

 

Əfv və amnistiya fərqli hüquqi institutlardır. Əfv Prezident tərəfindən konkret şəxs barəsində fərdi qaydada qəbul edilir. Amnistiya isə Milli Məclis tərəfindən qəbul olunur və müəyyən edilmiş şəxslər kateqoriyasına şamil edilir. Hər iki halda cəzadan azad edilmə və ya cəzanın yüngülləşdirilməsi mümkün olsa da, onların hüquqi əsasları və tətbiq qaydaları fərqlidir.

 

Əfv məhkəmə hökmünün ləğvi və ya şəxsin təqsirsizliyinin tanınması demək deyil. “Əfvetmə haqqında Əsasnamə”nin 6-cı bəndinə əsasən, əfv cinayətin törədilməsi faktını aradan qaldırmır; məhkum barəsində humanist qərar qəbul edilməsinə imkan yaradır.

 

Kim əfv üçün müraciət edə bilər?

 

Əfv məsələsi Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli, 538 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə” ilə tənzimlənir.

 

Əsasnamənin 7-ci bəndinə görə, əfv barədə müraciəti məhkumun özü, müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi verə bilər. Əsasnamənin 12-ci bəndində isə Milli Məclisin deputatının, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın), cəzanı icra edən orqanın, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, habelə müəyyən hallarda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların əfv məsələsini vəsatətlə qaldırmaq imkanı nəzərdə tutulur.

 

Məhkumun ailə üzvləri də əfv üçün müraciət edə bilərlər. Prezidentin əfv sərəncamlarında ailə üzvlərinin müraciətlərinə baxıldığı göstərilir. Bununla yanaşı, müraciət rəsmiləşdirilərkən Əsasnamənin tələblərinə əməl etmək, nümayəndə qismində çıxış edildikdə isə müvafiq səlahiyyəti təsdiqləmək vacibdir.

 

Müraciətdə məhkumun şəxsiyyəti, hökmü çıxarmış məhkəmə, cəzanın növü və çəkilməmiş hissəsi, ailə vəziyyəti, səhhəti, törətdiyi əmələ münasibəti, peşmanlığı və vurulmuş maddi zərərin ödənilməsi barədə məlumatlar göstərilməlidir.

 

Müraciət hansı qaydada araşdırılır?

 

Əsasnamənin 8-ci bəndi müraciətin verilə biləcəyi müddətləri müəyyən edir. Məsələn, az ağır cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxs, bir qayda olaraq, cəzanın azı üçdə birini, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş şəxs isə azı yarısını çəkdikdən sonra müraciət edə bilər. Ömürlük azadlıqdan məhrum edilmiş şəxs üçün bu müddət on ildir. Digər cəza növləri üzrə qaydalar fərqlənə bilər.

 

Əfv prosesi müraciətin qeydiyyata alınması və formal tələblərə uyğunluğunun yoxlanılması ilə başlayır. Sonra məhkum barədə zəruri məlumatlar toplanır, müvafiq dövlət orqanlarının sənədləri və rəyləri alınır. Materiallar ümumiləşdirildikdən sonra Əfv Məsələləri Komissiyasına təqdim edilir.

 

Əsasnamədə müraciətin ilkin yoxlanılması üçün 10 gün, müvafiq dövlət orqanlarının tələb olunan sənədləri təqdim etməsi üçün 15 gün, Ali Məhkəmə və Baş Prokurorluğun rəylərini təqdim etməsi üçün isə bir ay müddət nəzərdə tutulur. Əfv məsələləri sektoru müraciət daxil olduğu gündən üç ay müddətində toplanmış sənədləri və ümumi arayışı Komissiyaya göndərir.

 

Bu müddətlər yekun əfv qərarının mütləq həmin vaxt ərzində veriləcəyi demək deyil. Komissiya məhkumun əfv edilməsini tövsiyə edə və ya etməyə bilər. Yekun qərarı Prezident qəbul edir, əfv haqqında qərar sərəncamla rəsmiləşdirilir.

 

Əfv olunmayan şəxsin təkrar müraciətinə, bir qayda olaraq, bir il keçdikdən sonra baxıla bilər.

 

Əfv məsələsində hansı hallar nəzərə alınır?

 

“Əfvetmə haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən, əfv məsələsinə baxılarkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, vurulmuş maddi zərərin ödənilməsi, məhkumun şəxsiyyəti, əvvəlki məhkumluğu, ailə vəziyyəti, səhhəti və yaşı nəzərə alınır. Cəzaçəkmə müddətində davranış, əmək və təhsilə münasibət, törədilmiş əmələ münasibət də qiymətləndirilir.

 

Bu baxımdan əfv müraciətində yalnız ailənin üzləşdiyi çətinlikləri göstərmək kifayət etmir. Məhkumun davranışında müsbət dəyişikliklər, məsuliyyət hissi, islah olunmaq perspektivi və gələcək həyatına dair planlar barədə məlumatların təqdim edilməsi də əhəmiyyətlidir.

 

Məhkumun ailəsinin vəziyyəti insani baxımdan diqqətəlayiqdir. Bununla yanaşı, əfv məsələsi yalnız ailənin istəyinə əsasən həll olunmur. Hər bir müraciət konkret şəxsin vəziyyəti və işin əhəmiyyətli halları nəzərə alınmaqla qiymətləndirilir.

 

Zərərçəkmiş şəxsin hüquqları necə nəzərə alınmalıdır?

 

Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsi cinayət nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının qanunla qorunmasını, onların ədalət mühakiməsində iştirak etmək və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu təsbit edir.

 

Zərərçəkmiş şəxsin razılığı bütün əfv hallarında məcburi hüquqi şərt deyil. Lakin bu, onun mövqeyinin əhəmiyyətsiz olduğu anlamına gəlmir. Vurulmuş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin mövqeyi və cinayətin nəticələri konkret işin xüsusiyyətlərinə uyğun nəzərə alına bilər.

 

Beynəlxalq hüquqda da zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsi mühüm prinsipdir. BMT Baş Assambleyasının 60/147 saylı qətnaməsi ağır insan hüquqları pozuntularından zərər çəkmiş şəxslərin müdafiəsi, kompensasiya və hüquqlarının bərpası imkanlarını vurğulayır. Bu sənəd Azərbaycanın əfv prosedurunu əvəz etmir, lakin hüquqi qərarların insan hüquqlarına təsirini qiymətləndirərkən zərərçəkmiş şəxsin hüquqlarının diqqətdən kənarda qalmamasının əhəmiyyətini göstərir.

 

Ədalət və mərhəmət arasında tarazlıq

 

Əfv institutunun mahiyyəti insanın islah olunmaq və cəmiyyətə qayıtmaq imkanını nəzərə almaqdır. Lakin mərhəmət cinayətin nəticələrini və zərərçəkmiş şəxsin hüquqlarını nəzərə almadan tətbiq edildikdə, ədalətlə uzlaşması çətinləşir.

 

Məhkumun yaxınlarının onun azadlığa çıxmasını istəməsi başadüşüləndir. Bununla yanaşı, törədilmiş əməlin nəticələri, məhkumun davranışı, zərərçəkmişin hüquqları və cəmiyyətin maraqları da nəzərə alınmalıdır.

 

Əfv müraciəti insanın gələcəyinə yenidən baxılması üçün hüquqi imkandır, azadlığa çıxmağa təminat deyil. Bu prosesi düzgün anlamaq üçün müraciət edən şəxslər həm öz hüquqlarını, həm də əfv institutunun hüquqi sərhədlərini bilməlidirlər.

 

Ədalətin olmadığı yerdə mərhəmət birtərəfli güzəştə çevrilə bilər. Mərhəmətin olmadığı yerdə isə ədalət insanın islah olunmaq imkanını nəzərdən qaçıra bilər. Əfv institutunun hüquqi və mənəvi dəyəri insanın gələcəyinə ümidlə yanaşarkən ədalətin, zərərçəkmiş şəxsin hüquqlarının və cəmiyyətin maraqlarının qorunmasındadır.

Araz Əsgərli

Gununesi.info