“Rusiyanın Əbu-Dabidə keçirilən Rusiya-Ukrayna danışıqlarında Avropa İttifaqının da iştirak etməsinə razılıq verməsi, təbii ki, Ukraynanın danışıqlar masasında tək olmadığını göstərir. Lakin diqqət yetirməli olduğumuz əsas məqam Rusiyanın Avropaya münasibətdə irəli sürdüyü şərtlərdir”.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:

“Belə ki, Rusiyanın irəli sürdüyü tələblər sırasında Finlandiyanın NATO-dan çıxması, Baltikyanı regionda hərbi bazaların ləğv edilməsi, Ukraynanın NATO üzvü olmaması, Moldovanın federallaşdırılması və Qaqauziyanın müstəqilliyi ilə bağlı referendum keçirilməsi kimi məsələlər yer alır. Bunun müqabilində isə Moskvanın Belarusdakı taktiki nüvə silahlarını geri çəkməsi və Dnestryanı bölgədəki hərbi qüvvələrini çıxarması nəzərdə tutulur.
Təbii ki, bu şərtlərin qəbul edilməsi Avropanın mövcud təhlükəsizlik arxitekturasının ciddi şəkildə dəyişdirilməsi və faktiki olaraq yenidən qurulması demək olardı. Burada söhbət yalnız Ukraynanın gələcək təhlükəsizlik təminatlarından getmir. Rusiya daha geniş geosiyasi məsələləri, o cümlədən NATO-nun 1997-ci il sərhədlərinə geri çəkilməsi məsələsini gündəmə gətirir”.
Onun fikrincə, Moskvanın bu cür tələbləri irəli sürməsi onun Ukraynaya qarşı müharibəsinin məqsədlərinin daha geniş geosiyasi müstəvidə olduğunu bir daha göstərir:
“Rusiya Şərqi Avropada öz təsir imkanlarını genişləndirməyə, Baltikyanı ölkələr, Ukrayna və Moldova üzərində Qərbin təsirini məhdudlaşdırmağa çalışır. Bu isə faktiki olaraq həmin regionun yenidən Rusiyanın təsir dairəsinə daxil edilməsidir.
Digər tərəfdən, bu tələblər Avropanın təhlükəsizlik məsələləri ilə bağlı aparıcı danışıqlarının əsas mövzularından birinə çevrilə bilər. Lakin Avropa İttifaqının belə şərtləri qəbul etməsi onun mövcud təhlükəsizlik siyasətində ciddi dəyişikliklərə səbəb olardı.
Avropa dövlətlərinin bu tələblərlə razılaşması real siyasi çətinliklərlə üzləşəcək. Beləliklə, Rusiyanın maksimalist mövqeyi danışıqların nəticəsiz qalmasına və diplomatik prosesin dayanmasına gətirib çıxara bilər.
Rusiya Avropada öz geosiyasi mövqelərini möhkəmləndirə biləcəyi təqdirdə, Cənubi Qafqaz və Mərkəzi Asiyada da təsir imkanlarını genişləndirməyə çalışa bilər. Bu baxımdan, hazırkı danışıqlar təkcə Rusiya-Ukrayna müharibəsinin taleyi deyil, bütövlükdə Avropanın yeni təhlükəsizlik sisteminə təsir edir”.











