Tez-tez müzakirə olunur: niyə Qarabağ müharibəsi haqqında roman yazılmır? Bu sualı verən şəxslərə ünvanlanan cavablar təəccüb yaradır. Sualın müəllifinə cavab olaraq, bəlkə, 100 adda müxtəlif bədii “əsər” sıralanır. Yaxşı, hanı bu əsərlər? O sadaladığınız əsərlər öz taleyini yaşayırmı? Əlbəttə, mən də diqtə ədəbiyyatının yaranmasının lehinə deyiləm. Kimin ürəyindən gələcək, kim özünü hazır hiss edəcək, o da müharibədən roman yazacaq. Amma yalan statistikalar… Qışqır-bağırla olmur bu işlər.
Müharibə haqqında yazmaq müharibənin özü qədər mürəkkəbdir. Xüsusən də qalib gəldiyin müharibə haqqında. Çünki qələbənin yaratdığı ümumi sevinc çox vaxt fərdi faciələri arxa plana keçirir. İnsanlar torpağın azad olunmasını bayram edərkən həmin torpaq uğrunda döyüşənlərin sonrakı taleyi ilə üzləşməyə həmişə hazır olmurlar. Müharibənin başa çatmasını onun insan həyatında da bitməsi kimi qəbul etmək istəyirlər.
Orxan Saffarinin “404” romanı insanların üzləşməyə, oxumağa hazır olmadığı həmin məqamlar barədədir.
“404” romanını oxuyandan sonra fikirləşdim: Bu, müharibə romanıdırmı? Yaxud bu, İkinci Qarabağ müharibəsindən bəhs edən romandırmı?
Əvvəlcə, onu qeyd edək ki, bu roman müəllifin sözügedən janrda debütüdür. Biz onun hekayələrində “404”ün baş qəhrəmanı Əjdərlə tanış idik. Romanda isə insan faciəsinin – Əjdərin qarışıq taleyinin daha geniş təsviri ilə tanış oluruq. Burada müharibə fondadır. Biz mərmilərin səsini uzaqdan eşidirik. Qanın rənginin çalarlarını sezirik. Üzdə olan isə insandır – müharibənin necə yekunlaşmasından asılı olmayaraq, insan və onun həyatı…
Orxan Saffarinin “404” romanı müharibə haqqında yox, insan haqqındadır. O bu orijinal obrazı yaratmaq üçün müharibənin spesifik detallarını minimuma endirib.
Təbii ki, bu, bir müəllifin yanaşmasıdır. Zəfərlə yekunlaşan və 6-cı ildönümünü qeyd etdiyimiz Vətən müharibəsi barədə tamamilə başqa rakursdan bədii əsər ərsəyə gətirmək olar. Məsələn, həmin əsərdə sənədli detalları bədii vasitələrlə mətnin içində “əritmək”, xronologiyanı saxlamaqla, paralel hansısa xətləri inkişaf etdirmək mümkündür.
Amma, gəlin, bu formulu qəbul edək: hər bir yazıçıdan bunu gözləmək məntiqli deyil. Orxan Saffari məhz müharibəni fonda saxlamaqla hansısa parça-parça olan insan həyatını, Əjdərin xarakterini, müharibənin onun həyatına təsirini yazmaq istəyib və bu istəyə nail olub.
Roman çaparaq təhkiyə ilə nəql edilib. Bəlkə, müəllif bu mövzuya üç il sonra müraciət etsəydi, daha təmkinli ola bilərdi. Altı il keçməsinə baxmayaraq, müharibə dövrünün xatirələri hələ təzədir, yaddaşda daşlaşmayıb. Biz hələ də o günləri dünənki kimi isti-isti xatırlayırıq. Bu hadisələr də Saffari üçün təzə olduğuna görə, o, romanı yazanda dörd nala çapıb. Bu yüyrək təhkiyə onu tez-tez əhvalatçılığın kandarına gətirib geri qaytarır.
Bununla belə, mən Əjdərə və onun taleyinə inandım. Müəllif qurama süjetdən çox uzağa qaçıb. Reallığın ən tərs üzünü görürük “404”də. Romanda müharibənin, səngərin, döyüş xəttinin “valnası”, bu zərbələrin dalğası Əjdərin yaşadığı ərazidə hiss etdirilir.
Roman Əjdər xətti ilə bərabər, Əjdəri yetişdirən mühit, o adamların fərqli həyatları və bu həyatların müharibədən əvvəl, müharibədə və müharibədən sonra necə dəyişməsi, yaxud dəyişməməsi – dilemmalar üzərində qurulub.
Bu obrazlar mozaikasına nəzər yetirək. Məsələn, bir tərəfdə Maqsud obrazını müşahidə edirik. Könüllü döyüşə gedən Maqsudun taleyi üzərindən müəllif müharibənin insanın cəmiyyətdəki yerini necə dəyişdirdiyini başqa istiqamətdən göstərir. Maqsud döyüşdən qayıdanda qəhrəman kimi qarşılanır. Lakin aldığı yaradan sonra cinsi qabiliyyətini itirməsi məlum olanda ona münasibət dəyişir.
Fikrimcə, romanın ən sərt və amansız sosial mesajı Əjdərdən daha çox Maqsudun üzərindədir. Cəmiyyətin ideal arzusu nədir? Qəhrəman görmək. Qəhrəmanı qarşılamaq. Amma o torpaq uğrunda döyüşən qəhrəman cinsiyyət orqanını itirirsə, o döyüş-filan kölgədə qalır: qəhrəman obrazı cəmiyyətin gözündə dağılır.
Maqsudla evləndirilən 15 yaşlı Nərgizin ərini gözləyərkən yaşıdları ilə oynadığına görə qınanması daha bir qatı sosial problemdən bəhs edir. Nərgizin müharibə ilə birbaşa əlaqəsi olmasa da, müharibə şəraitində daha da ağırlaşan bir uşaqlıq itkisi görünür.
Digər tərəfdə Səkinə xala obrazı var. İllərlə qonşularına yardım etmiş, xəstələrin dadına çatmış yaşlı qadının erməni olduğu məlum olanda ona münasibət qəfil dəyişir. Dünənə qədər mehriban qonşu sayılan Səkinə xala şübhə və nifrət obyektinə çevrilir. Müəllif burada milli münasibətlərdən, təəssübkeşlikdən daha çox kütləvi emosiyanın insanın düşüncəsinə necə təsir etdiyini göstərir. Loru dillə desək, “küyə düşmək” məsələsi önə çıxır. Maraqlıdır ki, bu məqamda Saffari özü də təhkiyəçi kimi həmin adamlarla həmahəngləşir, hətta Səkinə xalanın xarici görünüşünü əvvəlkindən fərqli qəbul etməyə başlayır.
Əsərin zəif tərəflərindən biri isə obrazların psixoloji qatlarının daha az açılmasıdır. Hadisə var, dialoq var, amma bu dialoq, təhkiyəçinin nəqli üzbəüz dayandığımız obrazla bizi yetərincə tanış edə bilmir. Səkinə xala ilə bağlı olan hissədə isə həmin camaatın ümumi psixologiyası qismən açılır. Bu sürətli keçidlər hansısa filmin qısa məzmununu xatırladır. Romanı xilas edən nüanslardan biri hadisənin, materialın, adamların və onların həyatlarının maraqlı olmasıdır. Çünki əlavə və yersiz bər-bəzək, süni müdaxilə, yamaq yoxdur.
“404” ziddiyətlər üzərindədir. Romanda nə hansısa hərbi əməliyyat, canlı döyüş, nə də müharibə meydanının təsviri var. Diqqət mərkəzində müharibənin insanı və cəmiyyəti necə dəyişməsi (yaxud dəyişməməsi!) dayanır. Qəhrəmanlıqdan daha çox qəhrəmanlığa münasibət əsərdə əksini tapır.
Romanın məni narahat edən məqamlarından biri müharibə faktının müqəddəslik, hay-küydən uzaqda duran bir məfhum olduğunu təsvir edən yazıçının milli həmrəylik məsələsinə münasibətinin necə olacağı idi. Bu məsələlər arasında incə xətt var. Müəllif romanda müharibəni müqəddəsləşdirməyə çalışmadığı kimi, onun yaratdığı milli həmrəyliyi də inkar etmir. Bu, çox vacibdir. Milli həmrəyliyin ərsəyə gətirdiyi sevinc, mərhəmətlə yanaşı, eyni situasiyada qəddarlığı və ikiüzlülüyü də göstərir, bununla da insana xas xüsusiyyətlərin bir-birindən ayrı olmadığı mesajını verərək əsəri orijinallaşdırır.
Romanın əvvəlində bütün obrazlardan əvvəl təhkiyəçinin özü ilə tanış oluruq. Bizim onun xarakterinə qismən bələdliyimiz romanın sonrakı hissələrini rahat oxumağa, müəllifin tərzi ilə tanış olmağa imkan verir. Məlum olur ki, təhkiyəçi də bu insanların arasındadır və bu ərazinin sakinidir. Üçüncü şəxsin təki ilə nəql edilən bu romanda üçüncü şəxs öz Tanrı – Allahlıq missiyasından çıxır və sakitcə söhbətlərin içinə qarışır. Obrazlarla dialoqunda öz təhkiyəçi kimliyini qoruyur. Maraqlısı budur ki, söhbətləri müşahidə edən üçüncü şəxs ara-sıra mətni öz dili ilə – birinci şəxsin təkində nəql edir. Bu “get-gəl”lər qarışıqlıq yaratmır və uğurla izlənilir.
Təhkiyəçi müharibəyə getmək arzusu ilə qəhrəman kimi tanınmaq istəyinin bəzən bir-birindən ayrılmadını göstərir. Hətta döyüşdə yaralanacağını xəyal edərkən çiynindən yaralanmağa üstünlük verməsi onun qəhrəmanlıq təsəvvüründə müəyyən qədər romantika, müəyyən qədər də şəxsi şöhrət arzusunun olduğunu büruzə verir.
Əsərə və hadisələrə inam da məhz buradan yaranır. Müəllif səmimiyyət göstəricilərini özündə birləşdirən manevrlərlə əsərin həqiqət payını artırır. Bəzi məqamlarda təhkiyəçi ilə obrazlar arasında sərhəd itir. O da başqalarının təsirinə düşür, öz düşüncələrindən utanır – “bu yerlərin adamı” etiketindən uzaqlaşmır.
Əsərin dili mürəkkəb deyil. Romanın leksikası danışıq dilinə yaxındır. Personajların ifadələri, zarafatları, bəzən kobudluğu və söyüşə yaxın danışıq tərzi onların yaşadığı sosial mühitdən kənara çıxmır. Bu baxımdan müəllif obrazlarını süni ədəbi dillə danışdırmır.
Əsərdə faciə motivləri yumorla qoşa addımlayır. Amma bu yumorun rəngi qaradır. Bu zarafatların arxasında da insan faciəsinin izləri var.
Bəlkə də, Saffarinin hekayələri ilə tanış olmasaydım, bu fikir formalaşmazdı. Amma hər halda onu demək lazımdır ki, əsər mozaik təsir bağışlayır. “404” vahid xəttə malik klassik romanlardan daha çox xatirə və müşahidələrin bir-birinə bağlandığı epizodik təhkiyəyə bənzəyir. Ayrı-ayrı fəsillər bəzən müstəqil hekayə kimi də oxuna bilir. Bu səbəbdən bütövlük bir forma kimi bəzi tərəflərini büruzə verməsə də, əsərə həyatilik qazandırır, ənənviçilikdən uzaqlaşdırır.
Romanın adı… “Sülh şəraitində yararsız, müharibə dövründə qismən yararlı” təhkiyəçi özünü axtarır. Ölkədə müharibə gedir, müharibəyə gedə bilmədiyi üçün özünü yararsız hesab edir, yerini axtarır. Qəhrəman olmaq istəyir, amma qəhrəmanlığın nə demək olduğunu Əjdərin faciəsi ilə üzləşəndən sonra başqa cür dərk eləməyə başlayır. “404” rəqəmi də belədir. İnternetdə axtarılan səhifənin tapılmaması ilə bağlı xəta kodunu xatırladır. Riyazi dillə desək, boş çoxluq.
Əsər haqqında qeydlərimi yekunlaşdırıram. Əjdər barədə nəsə demək yerinə düşməz, qalan məsələləri oxucu çözüb-çözələməlidir. (kulis.az)












