7-ci sinif şagirdləri üçün nəzərdə tutulan “Ədəbiyyat dərsliyi”ndə yer alan bir hekayə müzakirələrə səbəb olub.
Dərsliyin 90–91-ci səhifələrində təqdim edilən mətndə həm yaşlı qadını öldürmək niyyətindən, həm də spirtli içkinin təriflənməsindən bəhs olunur.
Gununsesi.info xəbər verir ki, təhsil eksperti Etibar Əliyev dərslikdəki bu məqamlara diqqət çəkərək məsələyə tənqidi münasibət bildirib.
Hekayədə meyxana sahibi Şiko ilə Maqluar qarı arasındakı münasibətlər təsvir edilir. Mətnin elə ilk cümlələrində Şikonun yaşlı qadını öldürmək istəyi açıq şəkildə ifadə olunur:
“Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə istəyirdi, onu boğub öldürsün…”.
Mətndə diqqət çəkən digər məqam isə spirtli içkinin müsbət xüsusiyyətlərinin qabardılmasıdır.
Belə ki, Şiko meyxanasına dəvət etdiyi Maqluar qarıya ard-arda şərab içirməyə çalışır və içkini belə tərifləyir:
“Axı bu lap süd kimidir. Gördünüz, nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içirəm, heç nə olmur. Şəkər kimidir. Nə mədəyə əziyyət verir, nə də baş ağrıdır, adamın dilinin üstündə yağ kimi əriyib gedir. Bundan faydalı içki tapılmaz!”.
Etibar Əliyev bu məqamı istehza ilə şərh edərək spirtli içki istehsalçılarının da belə mətnlərdən öz maraqları üçün istifadə edə biləcəyini vurğulayıb.
Ekspert qeyd edir ki, AZGRANTA şirkətinin istehsal etdiyi araq məhsullarından birinə “PROTEİN” adı verilib. Halbuki protein orqanizmin inkişafı, əzələ kütləsinin formalaşması, hüceyrələrin bərpası, ferment və hormonların istehsalı üçün vacib olan biomolekullardır.
Ekspert bu adlandırmanı ironik şəkildə tənqid edərək, guya protein çatışmazlığı zamanı həmin arağın həkim resepti ilə tövsiyə edilə biləcəyini qeyd edir.
Digər nümunə kimi “Şərq Ulduzu” MMC-nin istehsal etdiyi “Mey” arağının etiketində Ömər Xəyyamın şeirindən istifadə olunmasını göstərir:
“Mey kədəri dağıdır, kefi edir saz,
Meydə olan ətir çiçəkdə olmaz”.
Etibar Əliyevin fikrincə, bu cür yanaşmalar təhsil məzmunu ilə spirtli içki reklamı arasında ciddi ziddiyyət yaradır. Əgər məktəb dərsliyində spirtli içki faydalı məhsul kimi təqdim olunursa, istehsalçılar da öz məhsullarını təbliğ edərkən bu mətnlərə istinad edə bilərlər.
Məsələ, əslində, mühüm bir sual doğurur: 7-ci sinif şagirdləri üçün nəzərdə tutulan ədəbiyyat dərsliyində bu cür mətnlərin təqdimatı nə dərəcədə məqsədəuyğundur?
Bədii əsərin tədrisi zamanı onun yaş xüsusiyyətlərinə uyğunluğu, eləcə də şagirdlərdə formalaşdıra biləcəyi təsəvvürlər diqqətlə qiymətləndirilməlidir.

Elmar












