Aynur Elgünəş əməliyyat olundu

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub.

Gununsesi.info-nun məlumatına görə, tanınmış jurnalistin böyrəyindəki daş və digər ciddi sağlamlıq problemləri ilə əlaqədar cərrahi müdaxiləyə ehtiyac yarandığı bildirilir. Noyabrın 13-də keçirilən əməliyyatın ağır olduğu qeyd olunur.

Lakin əməliyyatdan cəmi bir gün sonra Aynur Elgünəşin yenidən Kürdəxanı İstintaq Təcridxanasına qaytarılacağı deyilir.
Bu barədə vəkil Zibeydə Sadıqova narahatlığını ifadə edib.

Vəkilin diqqətə çatdırdığına görə, ağır əməliyyat keçirən Aynur Elgünəşin bir müddət həkim nəzarətində qalmasına, xüsusi tibbi qulluğa və tibb bacılarının xidmətinə ehtiyacı var.

Bundan başqa, onun bədənindəki yaraların, şişkinliklərin və dərisindəki qançırların səbəbləri araşdırılmalı, zəruri tibbi müayinələr aparılmalıdır.

Fiziki məhdudiyyətləri olan, 20 dəfə əməliyyat keçirən və arterial təzyiqdən əziyyət çəkən şəxsin əməliyyatdan dərhal sonra təcridxanaya qaytarılması ciddi narahatlıq doğurur.

Vəkil hesab edir ki, Aynur Elgünəşin səhhəti nəzərə alınmalı, onun müalicəsi başa çatmadan xəstəxanadan çıxarılmasına yol verilməməlidir.

Xəstəxanada Penitensiar Xidmət əməkdaşlarının mühafizəsi təmin olunsa da, onun yaxınları ilə əlaqəsinin məhdudlaşdırılması da suallar yaradır.

 

 

Gununsesi.info