Staxanovçuluq və şagirdyönümlülük - Pərviz Yəhyalı yazır…

  • Müəllif: Orxan
  • 14 Noyabr 2026 10:39

Staxanovçuluq hara, şagirdyönümlülük hara – qəribə deyilmi?

10-12 yaşım olardı. Bir neçə yaşlı adamın bir-biri ilə keçmiş xatirələrini bölüşməsinə qulaq müsafiri idim.

Onların arasında 1941-1945-ci il müharibəsinin alovlarından keçən adamın danışığı mənim üçün hədsiz maraqlı idi.

Stalinqrad cəbhəsindən, Kursk qövsündəki qələbədən, Ukraynanın azad edilməsi uğrundakı döyüşlərdən söhbət açan müharibə veteranına qulaq asdıqca mənə yalnız xəritədən bəlli olan yerlər gözlərimin önündə canlanır, bir az da kinolardan yaddaşımda qalan epizodlarla özüm üçün canlı təsəvvür yaradırdım.

Söhbət əsnasında müharibə illərində yaşı cəbhəyə səfərbər olunmaq üçün çatmayan digər ağsaqqalın arxa cəbhədəki xatirələrini də dinləməli oldum. Həmin adam yaşca müharibə iştirakçısından kiçik olsa da, görkəmcə daha qoca təsiri bağışlayırdı.

O, yetimliyinin acısı, ögey atasının sərt xarakteri haqqında söhbət etdikcə dəhşətə gəlirdim. Onun atalığı fermada müdir işləyibmiş. Dediyinə görə atalığı gündüzlər evdə yatıb dincəlir, o və onun kimi 13-15 yaşlı uşaqlar axşama qədər ot biçmək, küləş daşımaq, heyvan yemləməkdə tər tökürmüş. Bir an belə olsa, dayanmaq olmazmış. Əks təqdirdə, döyülmək ən yüngül cəzaları olacağı şəksiz imiş.

Elə ki hava qaraldı, axşam düşdü, kişi durub yuxudan, yeyib-içib, buğlana-buğlana peyda olurmuş. Onun işi gecə səhərə qədər yeniyetmələrin belində ocaq qalamaq olurmuş. Heç kəsin də bir söz demək ixtiyarı yox idi. Axı o, staxanovçu olaraq qabaqcıl əmək bahadırı sayılırdı.

Mənim uşaq ağlım onda həqiqətən staxanovçuluğun gündüz yatıb, gecə işləməkdən ibarət olduğunu sanırdı.

Sonralar, çox sonralar dərk etdim ki, əslində, şaxtaçı Aleksey Staxanov sovetlərin uydurduğu mif imiş. Bir adamın bir növbə ərzində nəzərdə tutulan plandan 14 dəfə çox əmək nəticəsi göstərməsi həqiqət ola bilməzdi.

Bəs yaxşı, müasir pedaqogikanın əsas prinsipi olan şagirdyönümlülüklə staxanovçuluğun nə əlaqəsi?

Kurikulumu qəbul edib, səy və gücümüzü bilikyönümlülükdən şagirdyönümlülüyə dəyişdik.

Yəni şagirdin maraq və arzularını önə çəkib, qabiliyyətinə görə diferensial yanaşaraq müasir standartlar tətbiq etdik. Hamımız da yanaşmamızın alqışlara layiq olduğu haqda ağız dolusu danışırıq. Xüsusən təhsil menecerlərimizin canfəşanlığı lap əllaməlik səviyyəsinə çatıb.

Amma nədənsə, üç sutkadır şagirdlərin məktəblərdə soyuqdan iliyinəcən donduğu bir kimsəni maraqlandırmır.

Deyirlər, bəs qaydalara görə, istilik məktəblərə noyabrın 15-dən veriləcək. Havaların kəskin soyuması faktiki olaraq sinif otaqlarında soyuqdan birtəhər olmuş şagirdləri acınacaqlı duruma salıb. Onlara dərs deyən müəllimlər əlinə keçəndən əyninə geyinib, özlərini xəstələnməkdən qorumağa çalışırlar. Cənabi şagirdyönümlülər isə istiliyin şagirdlərə yönəldilməsi üçün 15 noyabr tarixinin təşrif buyurmasını gözləyirlər. Nə fərqi var, havanın temperaturu neçədir?

Əlac təkcə ona qalır ki, binəva müəllimlər şagirdlərə desinlər: yönümünüzə deyin, səbr edib gözləsin.

Pərviz Yəhyalı

Gununsesi.info