Sosial patogenezin etioloji kökləri

  • Müəllif: Firuzə
  • 13 Oktyabr 2026 12:23

Bu gün baş verən xoşagəlməzliklərin özülü illər öncəsi qoyulub. Təəssüf ki, həmin o illər əvvəl cəmiyyətin sağlam düşüncəli fərdlərinin çaldığı həyəcan təbili görməzdən gəlindi, eşidilmədi. Şəxsən ziyalı olaraq Aşura günləri məscidlərimizdə İranın bayraqları asılanda bacardıqca ucadan etiraz səsimi ucaltdım. İnsanların inancına siyasi don geyindirənlərin məqsədlərinin ayrı havalara kökləndiyini, bunun gələcəkdə bizə problem yaradacağını dilə gətirdim.

II Vətən müharibəsindən heç bir il ötməmiş, 2021-ci ilin oktyabr ayında şadlıq evlərimiz toyların sıxlığından gur-gur gurlayanda dövri mətbuatda çıxış edib, car çəkdim. Necə olur ki, cəmi iki ay əvvəl 1400 il öncə Ərəbistanda hakimiyyət davası edənlərə yas saxlayırıq, amma 30 il torpaqlarımızı işğalda saxlayan, məscidlərimizi təhqir edən, qanı qanımızdan olan soydaşlarımızı olmazın qəddarlığı ilə qətlə yetirən erməniləri qovub vətəni azad edərkən şəhid olan gənclərimizə hörmət, sayğı əlaməti olaraq onların ilinin çıxmasını gözləmirik? Dəstə-dəstə qəbiristanlıqlara gedib şəhid vəfatının ildönümünü qeyd edib, sonra da hay-küylə basılırdıq toyxanalara.

Məmləkətin hər yerində qol-qabırğasını sındıra-sındıra ərəbcə bir-iki kəlmə deyəni möminlik taxtına biz çıxarmadıqmı? Yoxsa hansısa ərəb yüz minlərlə qaçqınımız ehtiyac məngənəsində boğulanda «Müsəlman bacı-qardaşlarımız dardadır» deyib yardım etdi? Bəlkə dünyanın beynəlxalq təşkilatlarında, lap elə o BMT tribunasında erməni işğalına həyasızlıqla haqq qazandıran ermənilərə hansısa müsəlman ölkəsi etiraz etdi?

Biz dövlət olaraq bütün təzyiqlərə sinə gərib, Azərbaycan ərazisindən İran üçün heç bir plasdarm rolu oynanılmayacağını qətiyyətlə təmin edəndə bəlkə cənub qonşularımız utanıb erməni vandalları ilə əməkdaşlığa ara verdi?

Təməli asta-asta, hiyləgərliklə qoyulan, sosial partlayışımıza hesablanmış məkrə etiraz edənlərimiz — alimlər, müəllimlər — küncə sıxışdırılanda cəmiyyət olaraq susmadıqmı? Güc strukturlarımız qətiyyət göstərməli məqamda lazımsız liberallıq etmədimi?

Bığını qırxıb, saqqalını uzadan, tatu vurdurub idman arenalarında ölkəni təmsil edənlərə irad tutanları biz cəmiyyət olaraq linç etmədikmi?

Müəllimi rişxənd obyektinə çevirib, yalançı din xadimlərini üst başa biz keçirmədikmi?

Təhsil idarəçiliyini səriştəsizlərə həvalə edib, məktəbi yaman günə qoymadıqmı?

Elə bax indinin özündə, rentabelli deyil deyib, məktəbləri bağlamırıqmı? Yeri gəlmişkən, bu gün ölkənin məktəblərinin çoxunda qaragüruh basqını, çaxnaşma yaşandı. Görən, Təhsil Nazirliyi insidentlərdə fərqindədirmi ki, hadisələr şagird sayı son ildə çoxalmış məktəblərdə baş verdi? Hal-hazırda başının üzərində Domokl qılıncı kimi «şagird sayı azdır, bağlansın» təhlükəsi olan məktəblərin heç birində məlum problem yaşanmadı. Səbəbini təhsildən xəbərsiz menecerlərin anlayacaq iqtidarda olmadığını nəzərə alaraq, uzun-uzadı açıqlama verməyi lüzumsuz bilirəm.

Dövlət büdcəsini həyasızlıqla talayan təhsil idarəçilərinin qara əməlini ifşa edən yazı yazıb, kütləvi informasiya vasitələrində çıxış edəndə, açıq-aşkar faktları göstərəndə aidiyyəti orqanlar heç reaksiya verdimi? Vermədi! Çünki nə etdiyini özü də bilməyən təhsilin baş menecerinin təqdimatını yuxarı distansiyaya verəndən çəkindilər. «Kim bərkdən qışqırırsa, qorxacağam?» deyib, bir özlərinə bəlli meyarlarla rəhbər işçilər təyin edib, xalqın, sağlam əqidəli insanların səsini eşitməyəndə məktəbin ayaqaltı olacağını, cahil hücumuna məruz qalınacağını qabaqcadan görməyi tutulmuş bəsirət gözləri görə bilməzdi.

İndi çirkin niyyətli məqsədlərə alət edilmək üçün məktəbliləri hədəfə alan qüvvələr var. Qarışıqlıq salmaq istəyənlər, qanundan kənar addım atanlar cəzasını alacaq. Dövlət lazımi tədbirlərini görəcək. Buna heç kəsin şübhəsi olmasın.

Kaş vəziyyəti addım-addım bu həddə gətirənlərin kənarda qalacaqlarına ümidləri boşa çıxa.

Çünki etioloji səbəbi zərərsizləşdirmədən, lazım gələrsə, cərrahi müdaxilə etmədən müalicənin effektivliyinə bel bağlamaq absurddur. Axı xəstəliyin patogenezi də etioloji bünövrədən qaynaqlanır.

Pərviz Yəhyalı

Gununsesi.info