Qəribə, təzadlı mənzərə yaranıb. Sürətlə dəyişən meyarlar fonunda bir qrup təhlükəli nihilist onilliklər boyu formalaşmış mənəvi dəyərlərə qarşı səlib yürüşünə çıxıb. Onlar kütləvi informasiya vasitələrində, müxtəlif media resurslarında cəmiyyətin üzdə olan elm adamlarını hədəfə alaraq çirkli kampaniya aparırlar. Bütün şüurlu həyatını elmə həsr edən insanların bu cür cılız qarayaxma kampaniyasına məruz qalmasının arxasında böyük və məqsədli oyunlar dayanır. Azacıq diqqət yetirməklə hədəfə alınanların tək bir “suçu”nun olduğu aydın görünür. Həmin elm adamlarının min bir əziyyətlə qazandıqları uğur və nailiyyətlər kimlərinsə ciddi narahatlığına səbəb olur.
Çox təəssüf ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli haqqında da mənəvi dəyərləri ayaqlayan ünsürlərin çirkli kampaniya apardıqlarını görürük.
Bəri başdan deyim ki, akademik İsa Həbibbəyli nə qohumumdur, nə də onunla hər hansı tanışlığım var. Heç həyatda İsa müəllimlə görüşmüş də deyiləm.
Elmlə məşğul olan insanlar yaxşı bilirlər ki, təxminən 8–10 səhifəlik elmi məqalə yazmaq hansı əziyyətlər hesabına başa gəlir. Aidiyyəti ədəbiyyatın seçilməsi, müxtəlif qənaətlərin tutuşdurulması, zərgər dəqiqliyi ilə istinadların verilməsi, aktuallığın əsaslandırılması, əldə edilən nəticələrin tətbiq istiqamətlərinin aydın şəkildə göstərilməsi gərgin elmi axtarışların bəhrəsidir. Adi statistikaya görə, akademik İsa Həbibbəylinin yazdığı elmi əsərlərin sayı yüzlərlədir. O, yüzə yaxın kitabın müəllifi olmaqla Azərbaycan elminə ciddi töhfələr vermişdir. Rəhbərliyi altında onlarla alim yetişən elm korifeyi indiki mövqeyinə çatana qədər hansı çətinliklərdən keçməyib.
Onun həyat yoluna qısa ekskurs etdikdə, sıravi müəllimlikdən akademikliyə qədər hər gününün zəhmətlə yoğrulduğu, elmə həsr olunmuş fədakar ömrü göz önündə canlanır.
Ola bilər, kimlər üçünsə bunlar adi görünsün. Amma diqqət edək. Ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Müqayisə üçün deyim ki, orta statistik göstəriciyə görə, ali məktəbi bitirən hər min nəfərdən cəmi üç nəfər fərqlənmə diplomuna layiq görülür. Orta məktəbdə ixtisası üzrə müəllim işləməsi də adi, sıradan bir fakt təsiri bağışlaya bilər. Amma nəzərə alsaq ki, haqqında söhbət açdığım o vaxtın gənc müəllimi birbaşa göndərişlə məqsədli aspiranturanı deyil, ümumtəhsil məktəbini seçib, bu məqam üzərində düşünməyə dəyər. Baza təhsili Azərbaycan dili və ədəbiyyatı olan mütəxəssis bir müddət pedaqoji fəaliyyət göstərməklə, özünə qarşı tələbkarlığı və öz üzərində ciddi işləməsi sayəsində gələcək karyerası üçün möhkəm zəmin yaratmışdır.
Daha sonra aspirantura təhsili alması, ilk elmi dərəcəsini qazanması onun məqsədinə doğru səylə irəlilədiyini göstərir.
Yəqin ki, bu sətirləri oxuyan hər bir oxucu mənimlə razılaşar. Pedaqoji fəaliyyətlə paralel elmi axtarışları davam etdirmək, inadla elmin çətin yollarında irəliləmək xarakter göstəricisidir. O, gənc yaşlarında əldə etdiyi nailiyyətlərlə kifayətlənə bilərdi. Amma kifayətlənmədi. Elmi axtarışlarını davam etdirərək doktorluq dissertasiyasını müdafiə etdi. Ardınca professor elmi adına layiq görüldü.
Əlbəttə, bu yazı ilə akademik İsa Həbibbəylinin tərcümeyi-halını xatırlatmaq niyyətində deyiləm. Məqsədim elm adamının bu gün olduğu yerə heç də birdən-birə, necə deyərlər, göydəndüşmə şəkildə çatmadığını xatırlatmaqdır. O, əldə etdiyi uğura addım-addım, pillə-pillə, min bir məhrumiyyət bahasına yetişib. Elmi axtarışlar, pedaqoji fəaliyyət, yüksək təşkilatçılıq qabiliyyəti, sağlam əqidə, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərə bağlılıq ömrünün kamil çağında onu indiki statusuna gətirib çıxarıb.
Axı niyə kimlərsə bunu həzm etmək istəmir? Niyə qəbul edə bilmir ki, İsa Həbibbəyli sağlam əqidəli elm adamıdır? Kontekstdən çıxarılmış hansısa nüansla onun nüfuzuna xələl gətirmək istəyi qaragüruha nə verəcək?
Niyyətim heç də məqaləmin sonuna obrazlı çalar vermək deyil. Amma mənəvi dəyərlərə balta çalanlara üz tutaraq demək istəyirəm ki, boşuna piar qurmaqla Sizif əməyi çəkməyin heç bir mənası yoxdur.





