ABŞ Dünya Çempionatından 18 milyard dollar qazanıb

  • Müəllif: Orxan
  • 05 Sentyabr 2026 13:33

ABŞ Prezidenti Donald Tramp ölkədə bu yay turizm fəallığının əhəmiyyətli dərəcədə artdığını bildirib. O, artımda 2026-cı il futbol üzrə Dünya Çempionatının da rol oynadığını qeyd edib.

Gununsesi.info xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti amerikalıların yay aylarında ölkə daxilində geniş şəkildə səyahət etdiyini bildirib:

“ABŞ turizmi üçün necə də inanılmaz yay oldu! Amerikalılar təxminən 300 milyard mil yol qət edib, milli parklarımız 78 milyon ziyarətçi qəbul edib, milyonlarla insan isə hava nəqliyyatından istifadə edərək səyahət edib”.

Trampın sözlərinə görə, yalnız 2026-cı il futbol üzrə Dünya Çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox töhfə verib və 160 mindən artıq iş yerinin dəstəklənməsinə şərait yaradıb.

“Turizm və səyahətlər iş yerləri, investisiyalar və ABŞ şirkətləri ilə yerli icmalara daxil olan milyardlarla dollar deməkdir”, – deyə o bildirib.

Tramp administrasiyasının bürokratik maneələri azaltmaq, hava nəqliyyatını modernləşdirmək və ABŞ-ı turistlər, eləcə də xarici sahibkarlar üçün daha əlçatan etmək istiqamətində çalışdığını vurğulayıb.

“Amerika biznes üçün açıqdır və ən yaxşısı hələ qarşıdadır!” – deyə ABŞ Prezidenti fikirlərini yekunlaşdırıb.

Gununsesi.info