Tarix mühakimə edirmi? - Pərviz Yəhyalı yazır...

  • By Admin2
  • 16 İyun 2026 09:19

Tarixi şəxsiyyətlərin keçmişdəki fəaliyyəti müasir dövrün ideoloji baxış bucağından təhlil edilir. Bir qayda olaraq, ya alqışlanır, ya da lənətlənir. Qəribəsi isə odur ki, eyni şəxs müxtəlif xalqların yanaşmasında elə müxtəlifliklə xatırlanır. Məsələn, XVIII yüzillikdə dövran sürmüş Rusiya imperatoru I Pyotrun Volqaboyu və Ural ətrafı türk kökənli yerli əhaliyə gözlərinin rənginə görə vergi təyin etməsi rus tarixşünaslığında, demək olar ki, üstündən sükutla keçilən məqamdır. I Pyotrun slavyan mənşəli olmayan yerli əhalinin gözlərinin rəngi boz olanından 6 qəpik, qara olanından 8 qəpik vergi tutdurması haqqındakı fərmanı əslində insanlıq tarixinin ən rəzil məqamlarından biridir. Bəs yaxşı, tarix necə mühakimə edir ki, Pyotr Romanovun bu günkü xələfləri, yaxşı, lap olsun xələflərinin həmvətənləri tarixin üz qarası olan sələflərinə görə xəcalət hissi keçirmir?

Çatdırmaq istədiyim fikir bir az da aydın olsun deyə XX əsrə, beş mücəllik zaman kəsiyinin o tərəfinə nəzər salaq. Vətənini azad görmək istəyən bir qrup gənci sovet qanunları ilə cəzalandırırlar. Sürgün həyatında ölən ölür, qalan bəraət alır. Amma onların bir çoxu 1991-ci ilə, yenidən müstəqillik əldə edilənə qədər incidilir. Hətta Cahid Şirinov kimi alovlu vətənpərvərlər müəmmalı şəkildə dünyasını dəyişir.

İndi hamı onu mübariz insan, xalqını azad görmək istəyən dissident adlandırır. Çox-çoxdan yox, səksəninci illərin axırlarında Hilaloğlunun həyatını bitib-tükənməyən izləmələrlə cəhənnəmə döndərənlər isə onun müstəqil görmək istədiyi dövlətdən ən yüksək imtiyazlar alaraq sıralarımızda dolaşırlar. Bəlkə də hər gün küçədə, xeyirdə-şərdə üz-üzə gəldiyimiz, 1991-ci ildən o tərəfdəki buyruq qulları bizlərə indiki suverenliyimizə görə vaxtilə can qoyduqları nağıllardan söhbət açırlar.

Dərsliklər, kütləvi informasiya vasitələri, bir sözlə, tarix mühakimə edir, amma tarixə nahaq qandan iz salanlar müasirlərimiz olaraq heç nə olmamış kimi öz həyatlarını sürürlər. Özü də necə? Sıradan vətəndaşın aldığı məvacibin 5–10 misli qədər təqaüd almaqla.

Belə situasiyalarda tarixin mühakiməsi ironiyadan başqa heç bir hiss doğurmur. Lap səhər saat altıda oyanıb futbol matçı izləməyi qəhrəmanlıq, fədakarlıq kimi cəmiyyətə sırıyan tiplərin özlərini cəfakeş elan etmələri kimi.

Pərviz Yəhyalı

Gununsesi.info