Ölkəmizdə 2389 məscid var. Onlardan 1900-ü daimi fəaliyyətdədir.
Bundan başqa, 16 kilsə və 7 sinaqoqun qapıları ibadət üçün möminlərin üzünə açıqdır. Həmçinin bəhailərin və krişnaçılığa tapınanların hərəsinin bir ibadət evi, 23 xristian ibadət məkanı mövcuddur. Bütün respublikanı əhatə edən 956 islam, 38 qeyri-islam təmayüllü dini qurum dindarların ixtiyarındadır.
Statistik rəqəmlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi sənədlərindən götürülmüşdür. Adı çəkilən qurumun ictimaiyyətə açıq mənbələrində ştatda olan din xadimlərinə aylıq məvacib verilməsi də əksini tapır. Maaşların verilməsi üçün nəzərdə tutulan vəsait əsasən dövlət büdcəsindən ayrılır. Belə ki, vaxtaşırı komitənin hesabına dövlət büdcəsindən transfer edilən vəsaitin böyük qismi din xadimlərinin aylıq məvaciblərinin ödənilməsinə yönəldilir.
Qəribədir ki, ölkədə mövcud olan 874 pir və ziyarətgahlara daxil olan nəzir, bəxşiş və ianələrin qeydiyyatı haqqında heç bir məlumat yoxdur.
Sonuncu dəfə, 7 yanvar 2026-cı il tarixində, ölkənin dini icma və qurumlarına dövlət büdcəsindən 6 milyon 300 min manat pul ayrılmışdır.
Yenə qəribə təzad: Hesablama Palatasının illərlə müvafiq qurumlarda audit yoxlamaları aparması haqqında heç bir məlumat əldə etmək mümkün olmadı. Ehtimal ki, belə maliyyə yoxlaması ümumiyyətlə baş verməyib. Niyə? Axı məntiqlə dövlət büdcəsindən ayrılan vəsaitin necə xərclənməsinə nəzarət də olmalıdır.
Məsələnin digər narahatlıq doğuran tərəfi isə artıq ölkə ictimaiyyətinə sirr olmayan, şagird kontingenti az olan məktəblərin bağlanması fonunda məscid, kilsə və digər dini məkanların artmasıdır. «Optimallaşma» deyilən kampaniya nədənsə məscid və kilsələrdən yan keçib, niyə məktəblərin yaxasından yapışdığı sualına isə cavab verəcək ünvan tapmaq müşküldür.
Əlbəttə, kimsə düşünməsin ki, ibadət evlərinin kütləvi bağlanmasının tərəfdarıyıq. İnanclı soydaşlarımızın mövqeyinə, həyat tərzinə hörmətlə yanaşırıq. İnsanların inam və etiqadına dəyər vermək hər bir vətəndaşın mənəvi borcudur.
Və heç şübhəsiz, eynilə ucqar dağ kəndində məktəbi bağlanan onlarla məktəblinin pozulan haqqına da biganə qalmaq olmaz. Hə, yeri gəlmişkən, şagirdləri 15–20 km məsafəyə daşıyacaq nəqliyyatın təşkili nağılına kiminsə inanacağı ilə özümüzü aldatmayaq.
Gəlin açıq deyək, gün kimi aydın həqiqəti etiraf edək. Kəndlərimizdə kitabxanalar, folklor evləri, məktəblər bağlanır. İbadət məkanları həmin qapısına qıfıl vurulan işıq mənbələrini əvəz etmək iqtidarında deyil.
Bəlkə, baş verən məlum son hadisələrin fonunda bir az dərindən düşünək?





