ETN elm üzrə QRANT müsabiqəsi elan edib: süni intellekt və kibertəhlükəsizlik mövzusunda. Elanda qeyd edilir ki, müsabiqədə yalniz ETN-nin tərkibindəki elmi müəssisələrdə çalışan alimlər istirak edə bilər.
ETN-nin bu məsələyə məsul əməkdaşı bildirib ki, elanda qeyd edildiyi kimi, universitetlər və universitet alimləri bu müsabiqədə istirak edə bilməzlər. TN 4 il əvvəl ETN olandan sonra bu tədqiqat institutları universitetlərin tabeliyinə verildi. Yəni, onlar universitet elminə inteqrasiya ediliblər artıq.
Bu halda ölkənin elm siyasətini formalasdıran bir qurumun belə ziddiyyətli və səhv qərarı nəyə lazımdır? Hər halda bu kimi müsabiqələr elmin inkisafina xidmət etmir.
Ölkənin elm məkani, elm siyasəti vahiddir, elmi problemləri ümumidir, bütün mühüm elmi qurumlar eyni nazirliyə tabedirlər, indi elmi yenidən universitet elmi və tədqiqat institutu elmi kimi bölmək nə deməkdir?
Universitet elmi niyə kənarda qalmalıdır?
Universitetlər yalnız kadr hazırlayan müəssisələr deyil. Onlar yeni biliklərin yaradıldığı, elmi tədqiqatların aparıldığı, doktorantların hazırlandığı və innovasiyaların inkişaf etdirildiyi elmi mərkəzlərdir. Süni intellekt və kibertəhlükəsizlik kimi sahələrdə çalışan universitet alimlərinin bu fəaliyyətlərdən kənarda təsəvvür edilməsi elmi potensialın tam səfərbər olunması prinsipinə uyğun görünmür.
Digər tərəfdən universitetlərin özlərində indi Sİ-nin tətbiqi geniş təşviq edilməli, bu sahədəki çoxsaylı problemlər həll edilməli, həmçinin Sİ-nin məsuliyyətli və təhlükəsiz tətbiqi problemləri geniş tədqiq edilməli, tövsiyyələr verilməli, universitetlərimiz üçün yeni olan bu məsələyə dair innovativ həllər və modellər hazırlanmalıdır.
Dövlətin elm siyasəti elmi müəssisələri universitetlərə qarşı qoymamalıdır, əksinə, onların imkanları birləşdirməli, daha yüksək potensial yaradılmalıdır. Elmi-tədqiqat institutlarının təcrübəsi universitetlərin pedaqoji və elmi potensialı ilə birləşdikdə daha güclü layihələr yarana bilər.
Müsabiqənin məqsədi ölkənin süni intellekt və kibertəhlükəsizlik sahəsində elmi imkanlarını artırmaqdırsa, layihənin keyfiyyəti, elmi yeniliyi, komandanın peşəkarlığı və tətbiq potensialı əsas seçim meyarları olmalıdır. Tədqiqatçının hansı qurumda çalışması isə layihənin icra imkanları ilə birlikdə qiymətləndirilməlidir. Digər tərəfdən bir çox mütəxəssislər həm ETİ-da, həm də ATM-də işləyirlər.
Elm və Təhsil Nazirliyinə üç prinsipial sual
- ETN 2022–2026-cı illər Strategiyasında nəzərdə tutulmuş iki tədqiqat universitetinin yaradılması hədəfinin icrası üçün hansı konkret inkişaf maliyyələşdirmə mexanizmləri tətbiq edilib?
- Universitetlərdən tədqiqat universiteti statusu üçün qrantlar əldə etmək tələb olunursa, onların elmi layihələrə müraciət imkanları niyə daha geniş və sistemli şəkildə təmin edilmir?
- Universitet alimlərinin süni intellekt və kibertəhlükəsizlik üzrə dövlət qrantlarından kənarda qalması hansı elmi və təşkilati meyarlarla əsaslandırılır?
Bu suallar dövlət siyasətinin məqsədləri ilə tətbiq olunan mexanizmlər arasında uyğunluğu müəyyənləşdirmək üçün verilir.
Universitetə tələb qoymaqla yanaşı, onun inkişafına şərait yaratmaq lazımdır
Tədqiqat universiteti inzibati qərarla deyil, illərlə aparılan elmi fəaliyyət, güclü kadr potensialı, beynəlxalq əməkdaşlıq və davamlı maliyyələşdirmə nəticəsində formalaşır. Universitetlərdən elmi nəticələr tələb etmək, lakin həmin nəticələrin əldə olunması üçün rəqabətli maliyyələşdirmə imkanlarını məhdudlaşdırmaq inkişaf siyasətinin səmərəliliyi baxımından ciddi suallar yaradır.
Elm və Təhsil Nazirliyi universitetlər üçün ayrıca inkişaf yönümlü elmi qrant proqramı yarada, mövcud müsabiqələrdə universitet alimlərinin iştirakını nəzərdən keçirə və universitet–elmi institut konsorsiumlarını təşviq edə bilər. Bu mexanizmlər elmi keyfiyyətə, şəffaf ekspertizaya və ölçülə bilən nəticələrə əsaslanmalıdır. ETN komandası ildə bir neçə dəfə Qazaxıstan. Özbəkitan, Türkiyə v.s. ölkələrə səfər edirlər. Niyə onların qrant siyasətini öyrənmirlər?
Hələlik isə, ETN-nin növbəti səhv qərarını görürük, belə yarımçıq qərarlar elmin inkisafina xidmət etmir.
İlham Əhmədov
Dosent












