Ekspert torpaq mübahisələrində diqqət edilməli məqamları açıqladı

“Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən, dövlət və bələdiyyə torpaqlarının idarə edilməsi, onların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçirilməlidir.

 

Burada ilk növbədə torpağın hüquqi statusu müəyyən edilməlidir. Yəni mübahisə predmeti olan sahənin dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olması, eləcə də onun kateqoriyası, məqsədli təyinatı və hüquqi məhdudiyyətləri araşdırılmalıdır”.

Gununsesi.info-ya danışan əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli mövzunu belə şərh edib:

“Torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılması həmin bələdiyyənin torpaq üzərində müvafiq sərəncam səlahiyyətinin olmasını tələb edir. Eyni zamanda, torpaqayırma prosedurunun qanunvericiliyin tələblərinə uyğun aparılması, zəruri razılaşdırmaların və sənədləşmənin təmin edilməsi mühüm əhəmiyyət daşıyır.Torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mübahisələrdə əsas məqsəd şəxsin həmin əmlak üzərində hüquqi cəhətdən əsaslandırılmış hüququnun müəyyən edilməsidir.

Bu zaman torpaqayırma barədə qərarlar, alqı-satqı və digər müqavilələr, arxiv sənədləri, vərəsəlik sənədləri, torpaq planları, kadastr məlumatları və dövlət reyestrindən çıxarışlar mühüm sübut əhəmiyyəti daşıyır.

Lakin sübutların qiymətləndirilməsi formal yanaşma ilə məhdudlaşdırılmamalıdır. Sənədlərin bir-biri ilə uyğunluğu, torpaq sahəsinin sərhədləri, sahəsi, hüququn yaranma tarixi və sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu kompleks şəkildə araşdırılmalıdır.

Məsələn, şəxs uzun müddət torpaq sahəsindən istifadə edə, həmin sahədə yaşayış evi tikə və ya müəyyən ödənişlər həyata keçirə bilər. Bununla belə, həmin hallar özlüyündə hər zaman mülkiyyət hüququnun yaranması üçün kifayət etmir. Faktiki istifadə ilə hüquqi mülkiyyət hüququnun fərqləndirilməsi bu işlərdə prinsipial əhəmiyyət daşıyır.Məhkəmə prosesində tərəflərin təqdim etdiyi sübutlar hərtərəfli, obyektiv və qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Torpaq sahəsinin sərhədləri və texniki göstəriciləri ilə bağlı fikir ayrılığı olduqda müvafiq ekspertiza təyin edilməsi zərurəti yarana bilər. Bununla belə, ekspert rəyi hüquqi məsələlər üzrə məhkəmənin qiymətləndirməsini əvəz etmir; həmin rəy digər sübutlarla birlikdə dəyərləndirilməlidir.

Məhkəmə yalnız sənədlərin mövcudluğunu deyil, onların hüquqi qüvvəsini, mübahisəli torpaq sahəsinə aidiyyətini və tərəflərin dəlillərinin əsaslılığını da araşdırmalıdır. Ədalətli məhkəmə araşdırmasının təmin edilməsi üçün tərəflərin bərabərliyi, çəkişmə prinsipi və məhkəmə aktının əsaslandırılması tələbləri qorunmalıdır.Praktikada torpaq mübahisələrinin yaranmasına səbəb olan bir neçə mühüm halı qeyd etmək olar.

Birincisi, eyni torpaq sahəsi ilə bağlı müxtəlif dövrlərdə fərqli qərarların və ya sənədlərin mövcud olmasıdır. Bu zaman hər bir sənədin hüquqi qüvvəsi, verilmə tarixi və digər sənədlərlə əlaqəsi müəyyən edilməlidir.

İkincisi, torpaq sahəsinin faktiki sərhədləri ilə kadastr və qeydiyyat sənədlərində göstərilən sərhədlərin üst-üstə düşməməsidir. Belə vəziyyətlərdə texniki səhvlərlə hüquqi mübahisələr bir-birindən fərqləndirilməli, zəruri hallarda yerində baxış və ekspert araşdırması aparılmalıdır.

Üçüncüsü, torpaqayırma zamanı qanunvericiliyin tələblərinə tam əməl edilməməsi, müvafiq razılaşdırmaların olmaması və ya səlahiyyət məsələlərinin düzgün müəyyənləşdirilməməsidir.

Dördüncüsü, torpaq sahəsinin hüquqi statusu tam araşdırılmadan həmin sahə üzərində hüquqların rəsmiləşdirilməsinə cəhd göstərilməsidir. Bu isə həm vətəndaşlar, həm də dövlət və bələdiyyə orqanları üçün əlavə hüquqi və maliyyə riskləri yaradır”.

O qeyd edib ki, belə problemlərin qarşısının alınması üçün torpaq sahəsi ilə bağlı hər hansı hüquqi əməliyyatdan əvvəl onun hüquqi statusunun, mülkiyyət mənsubiyyətinin, yüklülüklərinin, məhdudiyyətlərinin və mövcud mübahisələrinin yoxlanılması vacibdir:

“Torpaq mübahisələrində vətəndaşların hüquqlarının müdafiəsi qanunçuluq, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə əsaslanmalıdır.

Dövlət və bələdiyyə orqanları öz səlahiyyətlərini qanunvericilik çərçivəsində həyata keçirməli, qəbul etdikləri qərarları hüquqi və faktiki cəhətdən əsaslandırmalı, şəxslərin qanuni mənafelərinə təsir edən məsələlərə obyektiv yanaşmalıdırlar.

Digər tərəfdən, mülkiyyət hüququnun müdafiəsi torpaqdan qanunsuz istifadə hallarının legitimləşdirilməsi kimi başa düşülməməlidir. Hüquqi müdafiə üçün şəxsin tələbi konkret hüquqi əsasa söykənməli və müvafiq sübutlarla təsdiqlənməlidir.

Torpaq üzərində hüquqların qanuni qaydada əldə edilməsi və rəsmiləşdirilməsi həm mülkiyyətçinin maraqlarını qoruyur, həm də gələcəkdə yarana biləcək mübahisələrin qarşısını alır.

Bu baxımdan, məhkəməyə müraciət etməzdən əvvəl sənədlərin hüquqi təhlili, iddia tələbinin düzgün müəyyənləşdirilməsi, prosessual müddətlərin nəzərə alınması və sübut bazasının hazırlanması mühüm əhəmiyyət kəsb edir”.

 

 

Şəbnəm

Gununsesi.info