Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, oktyabrın 26-da keçirilən görüşdə türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycan-Türkiyə əlaqələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycanın və Türkiyənin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində, Türk dünyasının birliyinin möhkəmləndirilməsində rolunu vurğulayıblar.
Görüşdə TÜRKPA-nın 15-ci plenar iclasının yekunları, Assambleyanın 2027-ci il üçün fəaliyyət istiqamətləri, parlament diplomatiyası və birgə layihələr ətrafında da fikir mübadiləsi aparılıb.
Devlet Bahçeli Azərbaycana və Türk dünyasına dəstəyini ifadə edərək, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının əhəmiyyətini qeyd edib.
Ramil Həsən isə Türk dünyasının birliyinə və Azərbaycan-Türkiyə qardaşlığına verdiyi dəstəyə görə MHP sədrinə təşəkkür edib. O, TÜRKPA-nın parlament diplomatiyası və qanunvericilik sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.














