Bir arzum var, bir az qəribə, bir az kövrək. Kaş əsən yellər gözlərimdən yaş alıb apara… bütün qərib məzarlara. Axı qəriblikdə uyuyan bütün məzarlar göz yaşları üçün həmişə qəribsəyir.
Bütün baş daşlarında iki tarix yazılır. Əslində məzarda əbədiyyətini yaşayanlar nə doğum, nə də vəfat tarixini öz iradələri ilə seçmirlər. Parisin müsəlman qəbirstanlığında 1927-ci ildən uyuyan Gülnarə xanım Ağabəyzadə və Lvovun liçakov məzarlığıda 1944-cü ildən öz qəribliyindən boylanan Məhəmməd Sadıq bəy Ağabəyzadə də fələyin hökmü ilə əbədiyyətə qovuşduqları günün, ayın, ilin talelərinin son nöqtəsi olduğundan özləri xəbərsiz olub.
Məhəmməd Sadıq bəy Ağabəyzadə 15 mart 1865-ci ildə Göyçayda İsmayıl bəyin ailəsində anadan olub. O, 1883-ci ildə Bakı real məktəbini bitirərək Peterburq Hərbi Piyada və Artilleriya məktəbinə qəbul olunub. 1886-1896-cı illərdə orduda xidmət edib. 1896- cı ildə isə Sank-Peterburq Şərq dilləri institutuna daxıl olmuşdur. Sadıq bəy Ağabəyzadə 1899-cu ildən Türküstan hərbi dairəsində xidmətdə olmuş, 1913-cü ildə general-mayor rütbəsində istefaya çıxmışdır. Həmin ildə Sadıq bəy doğma Göyçaya qayıdaraq burada pedaqoji fəaliyyətlə məşğul olmaq arzusunu reallaşdırmağa cəhd edir. 1914-ci ildə başlayan I Dünya müharibəsi onun doğulub, böyüdüyü Göyçayda qısa müddətli müəllimlik fəaliyyətinə son qoyur. O, öz ərizəsinə əsasən cəbhəyə yollanır. Müharibə illərində Sadıq bəyin ailəsində itki baş verir. 1902-ildə ailə qurduğu Aişə xanım vəfat edir. 1917-ci ildə ordudan tərxis olunan general yenidən Göyçaya, valideyinlərinin yanına qayıdır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyət qurulanda Sadıq bəy Azərbaycan xalqının taleyində baş verən bu mühüm hadisəni çox böyük ruh yüksəkliyi ilə qarşılayır. Çox keçmir ki, nazirlər şurasının sədri Xoyski tərəfindən hökumətdə təmsil olunmaq üçün dəvət alır. Hökumət ona çox mühüm sahələrdən birini, daxili işlər nazirinin müavini postunu təklif edir. 1918-ci ilin 23 oktyabr tarixindən 1920-ci ilin yanvar ayına qədər Sadıq bəy bir-birini əvəz edən üç nazirin müavini olur. Həmin dövrdə nazirlər bir qayda olaraq siyasi fəaliyyətə diqqət ayırdığından Sadıq bəy faktiki olaraq nazirliyin bütün təşkilati məsələlərini həll edir, güc strukturunun formalaşması prosesini uğurla həyata keçirir. O, ilk dəfə polis işçi rütbələrinin təsnifat sistemini tərtib edir, polis işçiləri hazırlayan məktəbin əsasını qoyur. Bilavasitə Sadıq bəyin rəhbərliyi ilə İçəri şəhərdə polis məktəbi fəaliyyətə başlayır. Sadıq bəy Ağabəyzadə nazir müavini olduğu dövrdə ölkəyə gələn rəsmi nümayədələrin mühafizəsini yüksək peşəkarlıqla təmin edir, rus, fars, ərəb, türkmən, özbək,fransız dillərini mükəmməl bildiyindən qonaqlarla tərcüməçiziz ünsiyyət qururdu.
Hökumət daxılində müəyyən fikir ayrılıqlarına etiraz əlaməti olaraq Sadıq bəy 3 yanvar 1920-ci ildə istefa verərək Göyçaya qayıdır. Həmin ilin yazında rus-bolşevik istilası ilə bağlı Türkiyəyə mühacirət etməyi qərara alan Sadıq bəy hələ Batumidə olarkən atasını və qardaşlarını həbs edirlər. Onun ata evindəki zəngin kitabxanası, qiymətli əlyazmaları bolşeviklər tərəfindən məhv edilir.
Sadıq bəy Ağabəyzadə 1919-cu ildə ikinci dəfə ailə qurduğu Gülnarə xanımla İstanbulda doğma xalası oğlu Əli bəy Hüseyzadənin yaşadığı mənzildə 1921-ci ilə qədər qalır. Fransaya getməyi qərarlaşdıran Sadıq bəyin diplom və pasportu Yunanstanda müsadirə olunur. Çox böyük mərhumiyyətlər bahasına Parisə gəlib çıxan Ağabəyzadələr burada olmazın məşəqqətləri ilə üz-üzə qalırlar. Nəhayət o, Sarbon universitetində şərq dillərindən mühazirələr oxmaq üçün dəvət alır. Qısa müddətdə Sadıq bəy Ağabəyzadə Paris elmi mühitində tanınır və qəbul edilir.
1927-ci ildə sevimli həyat yoldaşı, el qızı Gülnarə xanım ağır xəstəlikdən vəfat edir. Sadiq bəy böyük ürək ağrısı və göz yaşları içərisində Gülnarə xanımı Parisdəki müsəlman qəbirstanlığında dəfn edir. Dərin sarsıntı keçirən Sadıq bəyi daha Parisə heç nə bağlamır. Elə həmin il Ağbəyzadə Gülnarə xanımın məzarını öz göz yaşları ilə sonuncu dəfə isladaraq Polyak şərqşunas alimi Zimut Smoqojevskinin dəvəti ilə Lvov köçür.
Sadıq bəy Ağabəyzadə Livov universitetində çalışdığı müddətdə “Polyak dilində türk dili” dərsliyi (1931), “Elementar ərəb dili qrammatikası”(1932) əsərlərini yazır.
Görkəmli şərqşunas alimin illər öncəsi yazdığı “Türkmən dilinin mənşəyinə dair” əsəri, quranın rus dilinə tərcüməsinə dair verdiyi tövsiyələr elm aləmində yüksək qiymətləndirilir.
Bu gün də Ukraynada, Polşada, Rusiyada şərqşunaslar onun əsərlərinə istinad edir, alimin elmi irsindən bəhrələnirlər. Azərbaycan, polyak, rus, ukrayna, ərəb, fars, fransız, türkmən dillərində elmi əsərlər müəllifi kimi Sadıq bəy Ağabəyzadə dünyada yeganə şərqşunas kimi tanınır.
Birinci Dünya müharibəsinin alovlarından keçən Sadıq bəy Ağbəyzadəni ömrünün yaşlı çağında daha qanlı və dəhşətli müharibə, II Dünya müharibəsi Lvovda haqlayır. 1943-cü ildə alman nasistləri qocaman alimi yaşadığı mənzildən çıxarır. O, şəraitsiz, zirzəmi tipli mənzildə keşməkeşli həyatının son günlərini yaşayır. Dahi professorun həyatla vidslaşma ərəfəsindəki günlərdə tələbəsi, milliyətcə polyak olan Olqa Bak və onun əri qayğısına qalır. Elə bütün müsəlman adət-ənənəsinə uyğun da bu polyak cütlük Sadıq bəyi dəfn edir.
Etibar və sədaqətin, insanlığın ən yüksək formasını özlərində etiva edən Baklar ailəsi Böyük ustadlarının nəşini üzü Məkkə istiqamətində torpağa tapşırırlar. Amma… amma onlar bilə bilməzdilər ki, bu məzarda uyuyan insanın qibləsi bir neçə qütblüdür. O, Parisdən xalası oğlu Əli bəy Hüseynzadəyə yazdığı 13 məktubun hər birində əzizlərini atasını, qardaşlarını soruşduğu doğma Göyçayı qiblə bilirdi. O, livovda yaşadığı 17 il ərzində hər gün Paris qəbristsnlığında qərblikdə tək qoyduğu xanımına sarı həsrətlə baxıb köks ötürmüşdü.
Bir arzum var, bir az qəribə bir az kövrək. Kaş əsən yellər gözlərimdən yaş alıb apara. Bütün qərib məzarlara… Bir də, bir də ki, tək bir çiçək. Vətən torpağının vətən ətirli çiçəyini apara qibləsindən qibləsinə həsrətlə boylanan məzarlara.

Pərviz Yəhyalı
Gununsesi.info



