Ermənistan ərazisindən keçəcək 42 kilometrlik TRIPP marşrutu üzrə fiziki işlərin 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Türkiyə, Naxçıvan və Azərbaycanın əsas hissəsində nəqliyyat infrastrukturu yaradılır. Marşrutun çatışmayan hissəsi isə Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik sahədir.
“Ötən il Vaşinqton sammitində əldə olunmuş mühüm razılaşmalardan biri TRIPP layihəsidir. Bu layihə Zəngəzur dəhlizinin tərkib hissəsi olan 42 kilometrlik ərazidə nəqliyyat infrastrukturunun qurulmasını nəzərdə tutur”, – Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, layihə üzrə birbaşa danışıqlar ABŞ və Ermənistan arasında aparılır. Amerikalı tərəfdaşlar işlərin gedişi barədə Azərbaycanı mütəmadi məlumatlandırırlar.
“Əldə etdiyimiz son məlumata görə, hazırda layihələndirmə və şirkətin yaradılması prosesi davam edir. Bu işlərin cari ilin sonunadək yekunlaşması, fiziki işlərin isə 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır”, – nazir bildirib.
Ceyhun Bayramov qeyd edib ki, məsafənin 40 kilometrdən bir qədər artıq olması tikinti işlərini nisbətən qısa müddətdə tamamlamağa imkan verə bilər.
Nazir vurğulayıb ki, marşrutun həm giriş, həm də çıxış nöqtəsi Azərbaycan sərhədində yerləşir və dəhliz yalnız bu formada fəaliyyət göstərə bilər.
Gununsesi.info












