“Bizdəki o əjdahadan İsveçrədə, Almaniyada niyə yoxdur?” - Yaxud, yaxşılıq edən insan sabah həmin yaxşılığın əvəzində xəyanətlə qarşılaşacağını düşünürsə…

  • Müəllif: admin
  • 09 Sentyabr 2026 16:45

Bu gün Gəncə Şəhər Məhkəməsində regionun tanınmış vəkili, minlərlə insanın ümid yeri kimi baxdığı insanın- Zabil Qəhrəmanovun prosesini izlədim.

Ağır mənzərə idi. İttiham aktını qoyuram bir kənara.

Bir azərbaycanlı kişisinin gəlib məhkəmədə illərlə ona, qardaşına vəkillik edən ləyaqətli bir insanın üzünə durması, şər atmasını izləyəndə insanı dəhşət bürüyür.

Söhbət Zabilə qarşı elan olunan dələduzluq ittihamında zərərçəkən kimi tanın Etibar Hüseynov adlı birisindən  gedir.

Bu adamın qardaşı Elnur mal-qara oğurluğuna görə tutulub cinayət məsuliyyətinə cəlb olunanda Zabil vəkil kimi onu müdafiə edib.

Bundan başqa qəsdən adam öldürməyə görə ittiham olunan qardaşının istintaq  və müxtəlif məhkəmə instansiyalarında müdafiəsini həyata keçirib.

Zabil o vəkillərdən olub ki, heç kəsə xidməti müqabilində qiymət oxumayıb.

Kimin gücü nəyə çatıbsa, razılaşıb.

Zabil bu şəxsin qardaşının istintaq və məhkəmə prosesləri dövründə 3-4 min pulunu alaraq , 5 ayrı orderlər götürüb.

Dəfələrlə Şəki Ağır Cinayətlər Məhkəməsinə, Apelllasiya və Ali Məhkəməyə gedib.

Bu üzəduran Zabil həbs ediləndən sonra şikayətçi düşüb ki, bəs, pulumuzu aldı, işimizi həll etmədi.

Halbuki məhkəmədə sual qarşısında aciz qalaraq etiraf etdi ki, bir dəfə Zabil bayram ərəfəsində ona verdiyi 300 manatı geriyə qaytarıb və deyib ki, buna qardaşının ailəsinə bayram bazarlığı et…

İnsan üçün həyatda ən böyük dəyərlərdən biri ləyaqətdir. Bu gün ləyaqətli yaşamağı bacarmayab bir insanın həyasızlığının canlı şahidi oldum.

Sənə əl uzadan adamın sabah üzünə necə dura bilərsən axı?

Səni çətin gündə qoruyan insanı ilk fürsətdə satmaq nə deməkdir?

Ləyaqətli insan bir vaxtlar yanında olan, sənin dərdinə şərik çıxan, səni haqsızlıqdan müdafiə edən adamı sonradan öz mənafeyin üçün hədəfə çevirə bilməz.

Təəssüf ki, bizdə bunun əksi getdikcə adi həyat normasına  çevrilir. Naxələflik artıq yalnız fərdi mənəvi qüsur kimi görünmür. Bəzi hallarda cəmiyyətin gündəlik davranış normasına çevrilir. İnsanlar bunu görür, susur, bəzən hətta təbii qarşılayırlar. Ən təhlükəlisi də budur.

Çünki bir cəmiyyətdə yaxşılıq edən insan sabah həmin yaxşılığın əvəzində xəyanətlə qarşılaşacağını düşünürsə, orada etimad ölür. Etimadın öldüyü yerdə isə həmrəylik, vicdan və sosial məsuliyyət də zəifləyir.

İsveçrədə, Almaniyada və bu kimi ölkələrdə insanın üzədurmağa razı olması, xüsusən də vaxtilə ona yaxşılıq etmiş və ya onu müdafiə etmiş bir insanın əleyhinə çıxması, çoxları üçün təsəvvürə belə gəlməyəcək davranışdır. Çünki orada məsələ təkcə qanunla bağlı deyil. Cəmiyyətin əxlaq kodeksi var.

Vallah, ləyaqətli insan olmaq çox böyük qəhrəmanlıq tələb etmir.

Sadəcə, insan olmaq lazımdır.

Bəs biz niyə bu vəziyyətə gəlib çıxdıq?

Pərviz Həşimli

Gununsesi.info