Məlum olduğu kimi, beynəlxalq idman yarışlarının təşkilində zəngin təcrübəyə malik Azərbaycan növbəti mötəbər futbol turnirinə ev sahibliyi edir.
Gununsesi.info xəbər verir ki, tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalı məhz paytaxt Bakıda təşkil olunur.
Bundan əvvəlki dövrlərdə də ölkəmizdə bu cür beynəlxalq yarışlar yüksək səviyyədə təşkil edilib. Bu səbəbdən beynəlxalq qurumların etimadını doğruldan Azərbaycan daha bir böyük yarışa ev sahibliyi edəcək.
.jpg)
Beynəlxalq qurumların içində ön sıralarda yer alan FIFA da Azərbaycana etimad edir. Bu səbəbdən ölkəmiz Özbəkistanla birlikdə U-20 dünya çempionatına, bu gün start götürəcək U-15 dünya çempionatı və festivalına ev sahibliyi edəcək. Ali qurumun prezidenti Canni İnfantino da bu cür dəstəyə görə Azərbaycana dəfələrlə təşəkkür edib.
Bu mötəbər yarışın ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət idman siyasətinin, bu sahədə aparılan ardıcıl islahatların, müasir idman infrastrukturunun yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin “15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, turnirə hazırlıq prosesi yüksək səviyyədə təşkil olunub.
Tapşırıqlara uyğun olaraq Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatı və festivalına tam hazırdır.
Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər.
Çempionat çərçivəsində 1000-ə yaxın oyun təşkil olunacaq.
Qarşılaşmaların əksəriyyətinin keçiriləcəyi Hövsan Yarış Kompleksində oyunların yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb. Qısa müddət ərzində inşa edilən kompleksdə 10 futbol meydançası 20 oyunun eyni anda keçirilməsinə uyğun hazırlanıb, həmçinin burada yarışın yüksək səviyyədə təşkili üçün bütün digər zəruri infrastruktur yaradılıb.
Xatırladaq ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında keçiriləcək.
189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
Azərbaycan millisi turnir çərçivəsində ilk oyununu bu gün saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək.
Komanda oktyabrın 25-i saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Bu iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Milli komanda oktyabrın 26-sı saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.
.jpg)









