Yazıçı və şair Aqşin Yenisey İslam dünyasında baş verən prosesləri, İran və Türkiyənin regiondakı rolunu, eləcə də dini ideologiyanın müasir müharibələrdəki təsirini tənqid edib.
Gununsesi.info xəbər verir ki, Aqşin Yenisey bu gün İslam dünyasında müşahidə olunan prosesləri “Cəhalətin Renessansı” adlandırıb.
O, İran və Türkiyənin “kim daha çox cahilə sahib olacaq” yarışına girdiyini bildirib.
Onun fikrincə, orta əsrlərdə müsəlmanların Qərb orientalizmi qarşısında dayana bilməsində rol oynayan cihadist güc müasir dövrdə əvvəlki əhəmiyyətini itirib.
O qeyd edib ki, bu güc at və qılınc dövrü üçün keçərli olub, müasir müharibələrdə isə texnologiya və hərbi imkanlar həlledici rol oynayır.
Yenisey Birinci Dünya müharibəsində meydana çıxan tankların Osmanlı imperiyasının süqutundakı roluna diqqət çəkərək, müasir dövrdə müharibələrin peyk texnologiyaları ilə idarə olunduğunu vurğulayıb. O, bu şəraitdə müsəlman ölkələrinin öz coğrafiyalarından kənarda hərbi güc nümayiş etdirmək imkanlarını tənqid edib.
Aqşin Yenisey hesab edir ki, dini şüarlar və simvolik etiraz aksiyaları real siyasi və hərbi gücün əvəzi deyil.
Onun sözlərinə görə, dollar yandırmaq, “Coca-Cola” məhsullarını dağıtmaq və səfirliklərə hücum etmək kimi hərəkətlər İslam dünyasının qarşılaşdığı problemləri həll etmir.
Aqşin Yenisey Qərbin postkolonial siyasətinin də məhz bu cür təsirsiz etirazlarla məhdudlaşan dini gücdən faydalana biləcəyini irəli sürüb. O, “Cəhalətin Renessansı” adlandırdığı düşüncə tərzinin cəsarət görüntüsü yaratdığını, lakin real nəticələr vermədiyini qeyd edib.
Yazıçı Qarabağ müharibəsini də müqayisə nümunəsi kimi göstərib. O bildirib ki, Azərbaycan torpaqlarının azad edilməsi yalnız dini şüarlar və simvolik aksiyalarla mümkün olmazdı.
Yeniseyin fikrincə, Qarabağ münaqişəsini yalnız Ermənistanla aparılmış müharibə kimi qiymətləndirmək yanlışdır. O, Azərbaycanın bu mübarizədə daha geniş geosiyasi və beynəlxalq qüvvələrlə qarşılaşdığını vurğulayıb və Türkiyə ilə İrandan ixrac olunduğunu düşündüyü cəhalətin Azərbaycan cəmiyyətinə təsir göstərməməsini vacib sayıb.
O, yazısını belə bir fikirlə yekunlaşdırıb ki, Azərbaycan fərqli yanaşma seçməsəydi, real nəticələr əldə etmək əvəzinə, erməni bayrağını tapdalamaq kimi simvolik hərəkətlərlə kifayətlənə bilərdi.
Elmar












