Yazıçı Aqşin Yenisey din, mədəniyyət və siyasi hakimiyyət münasibətləri ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info-nun xəbərinə görə, Yenisey bildirib ki, mədəniyyətlə siyasi hakimiyyət arasında sıx əlaqə var və tarixin müxtəlif mərhələlərində mədəniyyətin formalaşması siyasi hakimiyyətlərin təsiri altında baş verib.
“Mədəniyyətdən danışmaq, istər-istəməz siyasi iqtidardan danışmaqdır. Yəni günümüzdə mədəniyyəti siyasi iqtidarlar təmsil edir”, – deyə yazıçı qeyd edib.
O, fikirlərində dinlə mədəniyyət arasındakı münasibətlərə də toxunaraq, müasir dövrdə əsas qarşıdurmanın ayrı-ayrı qruplar arasında deyil, dinlə mədəniyyət arasında baş verdiyini iddia edib.
Yeniseyin sözlərinə görə, mədəniyyətin tərəfdarı olmaq cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. O, dinin cəmiyyətdəki mövqeyinin güclənməsinin mədəniyyətin təsir imkanlarını zəiflədə biləcəyini vurğulayıb.
Yazıçı Azərbaycana yönəlik, onun təbirincə, təxribatçı çıxışlarda “xalqın adət-ənənəsi”, “xalqın inancı” və “xalqın keçmişi” kimi ifadələrdən istifadə edilməsini də tənqid edib.
Onun fikrincə, bu anlayışlar bəzən mədəniyyətin inkişafına yönələn qərarlara qarşı müqavimət vasitəsinə çevrilir.
Aqşin Yenisey hesab edir ki, mədəniyyətin güclənməsi dinlə yanaşı, onun ətrafında formalaşmış böyük bir bazarın da mövqelərinə təsir göstərə bilər.
O, həmin bazarda yazıçıların, alimlərin, din xadimlərinin və tarix üzrə elmlər doktorlarının da yer aldığını bildirib.
Elmar











