Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı danışıqlar dalana dirənib. Moskva ərazi güzəştləri tələb edir, Kiyev isə Donbasın qalan hissəsini təhvil verməkdən imtina edir və təhlükəsizlik təminatları istəyir.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN telekanalının təhlilində bildirilir.
Məlumata görə, hazırda sülh prosesi iki istiqamətdə davam edir. Ukrayna və Avropa müttəfiqləri ABŞ Prezidenti Donald Trampın qəbul edə biləcəyi razılaşma variantı üzərində işləyir. Rusiya isə Vaşinqtonla iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edərək münasibətləri möhkəmləndirməyə çalışır. Bu fonda Moskva cəbhədə hücumlarını da davam etdirir.
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner hər iki tərəfin nümayəndələri ilə təmasları davam etdirirlər.
Moskvanın əsas tələbi Donbasdır
Sülhə mane olan əsas məsələlərdən biri Kremlin ərazi tələbləridir. Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbasın Kiyevin nəzarətində qalan hissəsini döyüşlər davam etmədən Rusiyaya verməsini istəyir.
Moskva həmçinin Ukraynanın demilitarizasiyasını, NATO-ya üzvlükdən imtina etməsini və Kiyevdə hakimiyyət dəyişikliyini tələb edir. Ekspertlər bu tələblərin mövcud müharibə şəraitində həyata keçirilməsinin çətin və ya faktiki olaraq mümkünsüz olduğunu vurğulayır.
Ukrayna isə ərazi güzəştlərini sülhə aparan məqbul yol hesab etmir. Kiyevin mövqeyinə görə, Donetsk vilayətinin nəzarətində qalan hissəsi ölkənin müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.
ABŞ-ın dövlət katibi Marko Rubio da bu ərazilərin əhəmiyyətinə diqqət çəkib. O, “Breitbart News” nəşrinə müsahibəsində Rusiyanın Donetsk vilayətinin təxminən 89 faizinə nəzarət etdiyini, qalan 11 faizin isə Ukraynanın əlində olduğunu bildirib.
Rubionun sözlərinə görə, Ukrayna hərbi strateqləri nəzarətində qalan əraziləri son müdafiə xətti kimi qiymətləndirirlər. Bu mövqedən geri çəkilməyin Kiyevin müdafiəsi üçün ciddi nəticələrə səbəb ola biləcəyi bildirilir.
Trampın siyasəti danışıqlara necə təsir edir?
Son həftələr ABŞ administrasiyasının bir sıra qərarları Moskvanın maraqlarına uyğun nəticələr yarada bilər. Bunlara Rusiya dizel yanacağı ilə bağlı addımlar, enerji infrastrukturlarına hücumların müvəqqəti dayandırılması, “Starlink” peyk rabitəsi və kəşfiyyat məlumatlarının mübadiləsi ilə bağlı məsələlər daxildir.
Bundan başqa, Ukraynaya ABŞ istehsalı olan raket əleyhinə vasitələrin tədarükündə gecikmələr yaşandığı, Trampın Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifəsindən getməyə çağırdığı bildirilir.
Müşahidələrə görə, Vaşinqtonun Ukraynaya maliyyə dəstəyi son aylarda əhəmiyyətli dərəcədə azalıb. Hərbi yardımın maliyyələşdirilməsi yükü getdikcə daha çox Avropa ölkələrinin üzərinə düşür.
Bununla belə, ABŞ-la Ukrayna arasında əlaqələr tam kəsilməyib. Zelenski Norveçdə keçirilən görüşlərdən sonra ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri və “Starlink” rabitəsi ilə bağlı müsbət cavab gözlədiyini bildirib. O, Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsinin bərpa edilməsinə görə də təşəkkür edib.
Bu arada, Uitkoff Rusiya səfər edib. Onun Putinlə görüşdə hansı təklifləri təqdim edəcəyi isə hələlik məlum deyil.
ABŞ-da daxili siyasi hesablamalar da rol oynayır
Ekspertlərə görə, Trampın Rusiya və Ukrayna ilə bağlı addımlarında ABŞ-da keçiriləcək aralıq seçkiləri ərəfəsindəki daxili siyasi hesablamalar da rol oynaya bilər.
ABŞ-da bəzi siyasətçilər Trampın Rusiya siyasətindən məsafə saxlamağa çalışır. Eyni zamanda, qəbul edilən bəzi qərarların praktik nəticələrinin məhdud olması ehtimalı var.
Məsələn, Rusiya dizel yanacağı ilə bağlı razılaşmaların ABŞ-da benzinin qiymətini qısa müddətdə aşağı salacağı şübhə doğurur. Avropanın məhdudlaşdırıcı tədbirləri isə Rusiyanın bu sahədə əldə edə biləcəyi maliyyə üstünlüklərini azalda bilər.
Ukrayna tərəfi də Vaşinqtonla münasibətlərində yanaşmasını dəyişməyə çalışır. Kiyev ABŞ Prezidentinə siyasi güzəştlər etməklə dəstəyin qorunacağına əvvəlki qədər arxalanmır və daha müstəqil fəaliyyət göstərməli ola biləcəyi ssenariyə hazırlaşır.
Bununla belə, tərəflər arasında dialoq davam edir. Oktyabrın 20-də Osloda Zelenski ilə ABŞ nümayəndələri arasında müharibənin başa çatdırılması məsələsi müzakirə olunub. Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları və Donald Tramp, Vladimir Putin və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi perspektivi də nəzərdən keçirilib.











