Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına İkinci Əlavə Protokolu xüsusi qeyd-şərt və bəyanatlarla təsdiqləyəcək.
Gununsesi.info-nun məlumatına görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
Qanun layihəsinə əsasən, protokolun müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Azərbaycan, həmçinin protokolun aşağıdakı məsələləri tənzimləyən 16–20-ci maddələrini tətbiq etməmək hüququnu özündə saxlayacaq:
prosessual sənədlərin və məhkəmə qərarlarının poçtla birbaşa göndərilməsi;
transsərhəd müşahidə;
nəzarətli göndəriş;
gizli istintaq;
birgə istintaq qruplarının yaradılması.
Protokol digər iştirakçı dövlətlərlə cinayət işləri üzrə hüquqi yardımın genişləndirilməsini, şahid və ekspertlərin videokonfrans və telefon bağlantısı vasitəsilə dindirilməsini, sübutların qorunmasını və cinayət yolu ilə əldə olunmuş əşyaların qanuni sahibinə qaytarılmasını nəzərdə tutur.
Sənədə görə, Azərbaycanla hüquqi yardım üzrə sorğular və digər yazışmalar mərkəzi orqanlar kimi Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa göndəriləcək. Elektron və ya digər telekommunikasiya vasitələri ilə göndərilən sorğunun əsli sonradan yazılı şəkildə təqdim olunmalıdır.
Rayon və şəhər məhkəmələri, ağır cinayətlər məhkəmələri, apellyasiya instansiyası məhkəmələri və Baş Prokurorluq konvensiyanın məqsədləri üçün məhkəmə orqanları hesab ediləcək.
Azərbaycan fərdi məlumatların başqa dövlət tərəfindən müəyyən məqsədlərlə istifadəsinə də əvvəlcədən razılıq verilməsi tələbini irəli sürəcək. (Modern.az)











