Azərbaycan və Qırğızıstan arasında sərnişin və yük daşımalarının təşkili üçün yeni qaydaların müəyyənləşdirilməsi nəzərdə tutulur. Bəzi beynəlxalq avtomobil daşımaları xüsusi icazə tələb olunmadan həyata keçirilə biləcək.
Gununsesi.info-nun məlumatına görə, məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiqlənməsi təklif olunur.
Saziş iki ölkə arasında, onların ərazilərindən tranzit keçməklə, həmçinin üçüncü ölkələrə və üçüncü ölkələrdən sərnişin və yük daşımalarını əhatə edir.
Müntəzəm avtobus daşımaları tərəflərin səlahiyyətli qurumlarının əvvəlcədən razılığı əsasında təşkil ediləcək. Daşıyıcılar digər ölkənin ərazisində sərnişin və yük daşımaq hüququna malik olmayacaqlar.
Sənədə əsasən, qeyri-müntəzəm sərnişin daşımalarının müəyyən növləri üçün icazə tələb edilməyəcək. Yük daşımaları isə, istisnalar nəzərə alınmaqla, xüsusi icazə əsasında həyata keçiriləcək və hər bir icazə bir gediş-gəliş reysinə şamil olunacaq.
Yarmarka və sərgilər üçün nəzərdə tutulan eksponatların, idman avadanlıqlarının, teatr dekorasiyalarının, poçt göndərişlərinin, dəfn zamanı daşınan yüklərin, təcili tibbi yardım üçün nəzərdə tutulan avadanlıq və dərmanların daşınması icazədən azad ediləcək.
Təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması üçün isə xüsusi icazə alınmalıdır. Belə daşımalar əvvəlcədən razılaşdırılmış marşrut üzrə həyata keçiriləcək.
Daşıyıcılar qarşı tərəfin ərazisində ödənişli avtomobil yollarından, körpü və tunellərdən istifadəyə görə həmin ölkənin qanunvericiliyində nəzərdə tutulan ödənişləri etməli, nəqliyyat vasitələri isə müvafiq sığorta sənədlərinə malik olmalıdır.
Sazişdə müntəzəm sərnişin daşımalarının, canlı heyvanların, tez xarab olan məhsulların və ağır xəstələrin sərhəd, gömrük, baytarlıq, fitosanitar və sanitar nəzarətdən prioritet qaydada keçirilməsi də nəzərdə tutulur.
Sənəd 2026-cı il iyulun 31-də Qırğızıstanın Çolpon-Ata şəhərində imzalanıb. Saziş beş il müddətinə bağlanacaq və tərəflərdən biri müddətin bitməsinə ən azı altı ay qalmış onu dayandırmaq niyyətini bildirməzsə, avtomatik olaraq növbəti beş il üçün uzadılacaq.











