15 Sentyabr – Bilik Günü: Təhsil yolunda yeni başlanğıc

  • Müəllif: Şəbnəm
  • 15 Sentyabr 2026 10:28

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. Sentyabrın 15-i ölkəmizin ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması, şagirdlərin bilik və təhsil yolunda növbəti addımlarını atması ilə əlamətdardır.

Bilik Günü hər bir şagird, müəllim və valideyn üçün xüsusi məna daşıyır. Bu gün məktəblərin qapıları yenidən açılır, sinif otaqları uşaqların səsi ilə canlanır, müəllimlər öz şagirdlərini qarşılayır. Təhsil ocaqlarında yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilir, şagirdlərə uğurlar arzulayılır.  Azərbaycanın inkişafında təhsilin rolu əvəzsizdir.

Ölkənin gələcək inkişafını təmin edəcək savadlı, dünyagörüşlü, vətənpərvər və peşəkar gənc nəslin formalaşması məhz məktəbdən başlayır. Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil. Bura həm də şəxsiyyətin formalaşdığı, dostluqların yarandığı, arzuların qurulduğu və gələcəyə hazırlığın başladığı mühüm bir məkandır. Hər bir dərs, hər bir öyrənilən yeni məlumat şagirdlərin həyat yolunda mühüm rol oynayır. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllim yalnız dərs demir, eyni zamanda şagirdlərə düzgün istiqamət verir, onların bacarıqlarını inkişaf etdirir, elmə və öyrənməyə maraq yaradır. Müəllim əməyinə hörmət və təhsilə diqqət cəmiyyətin gələcəyinə qoyulan ən mühüm investisiyalardandır. Yeni dərs ili şagirdlər üçün yeni məqsədlər, yeni biliklər və yeni imkanlar deməkdir. Birinci sinfə qədəm qoyan balacalar üçün bu gün həyatlarının ən yaddaqalan günlərindən biridir. Onlar ilk dəfə məktəb həyatı ilə tanış olur, ilk müəllimlərini və sinif yoldaşlarını görürlər.

Yuxarı sinif şagirdləri üçün isə yeni tədris ili daha böyük məsuliyyət və qarşıya qoyulan hədəflərə doğru inamlı addımlar deməkdir. Xüsusilə buraxılış və ali məktəbə qəbul imtahanlarına hazırlaşan gənclər üçün bu mərhələ gələcək karyera və təhsil seçimləri baxımından mühüm əhəmiyyət daşıyır.

Hər bir şagirdin uğuru yalnız yüksək qiymətlərlə ölçülmür. Əsas məqsəd düşünməyi bacaran, araşdıran, sual verən, müstəqil qərar qəbul edən və cəmiyyətə faydalı vətəndaş kimi yetişən gənclər formalaşdırmaqdır. Şagirdlərin uğurlu təhsil almasında məktəb və ailə əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Valideynlərin övladlarının təhsilinə diqqət göstərməsi, müəllimlərlə sıx əməkdaşlıq etməsi və uşaqları öyrənməyə həvəsləndirməsi onların inkişafına mühüm töhfə verir.

Müasir dövrdə təhsilin qarşısında yeni çağırışlar dayanır. Rəqəmsal texnologiyalar, xarici dillər, informasiya savadlılığı və müasir peşə bacarıqları gənclərin gələcək uğurları üçün mühüm amillərdir. Bu səbəbdən məktəblərdə keyfiyyətli təhsilin təmin olunması, şagirdlərin fərdi potensialının üzə çıxarılması və onların müasir dünyaya hazırlanması əsas prioritetlərdən biri olmalıdır.

15 Sentyabr – Bilik Günü münasibətilə bütün şagirdləri, müəllimləri, valideynləri və təhsil ictimaiyyətini təbrik edirik. Yeni tədris ilinin hər bir şagird üçün uğurlu, məhsuldar və yaddaqalan olmasını arzulayırıq. Qoy bu il yeni biliklərin, böyük nailiyyətlərin, gözəl xatirələrin və gələcəyə inamın ili olsun.

Bilikə gedən yol məktəbdən başlayır. Təhsilə verilən dəyər isə Azərbaycanın gələcəyinə verilən dəyərdir.

 

Günay 

Gununsesi.info