Vaqif Abdullayev: “Diplomatik korpusun Qarabağa səfəri mühüm siyasi mesajdır”

  • Müəllif: Firuzə
  • 14 Sentyabr 2026 09:48

Siyasi şərhçi Vaqif Abdullayev 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150-yə yaxın nümayəndənin Qarabağ və Şərqi Zəngəzura səfərini mühüm siyasi hadisə kimi qiymətləndirib.

Gununsesi.info -nun xəbərinə görə, Vaqif Abdullayev bildirib ki, səfər sayca 22-ci olsa da, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və Avropa İttifaqı səviyyəsində Qərbin yüksək səviyyəli diplomatik nümayəndələrinin azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən diplomatların Azərbaycan nümayəndə heyəti ilə birlikdə bölgəyə səfəri Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilməsinin göstəricisidir.

Siyasi şərhçi hesab edir ki, səfər həmçinin Qarabağ məsələsi ətrafında uzun illər mövcud olmuş siyasi yanaşmaların dəyişdiyini göstərir.

“Bu, həm də 30 illik işğala və tarixi ədalətsizliyə göz yuman beynəlxalq təşkilatların ikili standartlarının sonu, vaxtilə yol verdiyi səhvlərin və tarixi ədalətin bərpasının etirafıdır”, – deyə Vaqif Abdullayev qeyd edib.

O, diplomatların Qarabağda aparılan müşahidələrinin bölgə ilə bağlı beynəlxalq ictimaiyyətə birbaşa təsir göstərdiyini vurğulayıb.

Abdullayevin fikrincə, səfər erməni tərəfinin uzun illər apardığı təbliğatın iflasını nümayiş etdirir.

Siyasi şərhçi Qarabağın, xüsusilə Şuşa və Xankəndinin tarixi-mədəni əhəmiyyətinə də diqqət çəkib. O bildirib ki, bu ərazilər yalnız Azərbaycan üçün deyil, Türk və İslam dünyası, eləcə də bütövlükdə bəşəriyyət üçün mühüm mədəni irs nümunələri kimi qiymətləndirilə bilər.

Abdullayevin fikrincə, xarici diplomatların bölgədə vəziyyətlə yerində tanış olması Qarabağın hüquqi statusu və Azərbaycanın suverenliyi ilə bağlı müxtəlif spekulyasiyalara son qoyulmasına xidmət edir.

“Azərbaycan regionda sülh, sabitlik və beynəlxalq hüquqa əsaslanan ədalətli nizam qurduğunu dünyaya elan edir”, – deyə siyasi şərhçi bildirib.

Elmar
Gununsesi.info