Yəməndə vəziyyət getdikcə gərginləşir. Səudiyyə Ərəbistanının dəstəklədiyi Prezidentlik Rəhbərlik Şurasına (PLC) bağlı qüvvələrin hökumətyönlü qəbilə döyüşçüləri ilə birlikdə husilərə qarşı başlatdığı hərbi əməliyyatların fonunda hərbi balansın qısa müddətdə husilərin xeyrinə dəyişdiyi bildirilir.
Gununsesi.info xəbər verir ki, politoloq Turan Rzayevin sözlərinə görə, husilər cəmi 12 saat ərzində eni təxminən 30, uzunluğu isə 70 kilometr olan sahil zolağına nəzarəti ələ keçirib.
Onun sözlərinə görə, qruplaşma Əl-Muxa limanını da ələ keçirərək Hamam və Kahbub dağları istiqamətində hücumlarını davam etdirir.
Turan Rzayev hesab edir ki, Yəməndə hərbi balansın PLC-dən husilərin xeyrinə dəyişməsinin konkret səbəbləri var.
“PLC Səudiyyə Ərəbistanından ciddi dəstək alsa da, Ər-Riyad Türkiyənin Suriyada etdiyi kimi, fərqli silahlı və siyasi qrupları vahid komandanlıq və vahid cəbhə ətrafında birləşdirə bilməyib. PLC müəyyən istiqamətlərdə hərbi əməliyyatlarda uğur qazansa da, daxili fikir ayrılıqları və Yəməndəki digər maraq qruplarının fərqli mövqeləri əldə olunan nəticələrin qısa müddətdə uğursuzluğa çevrilməsinə səbəb olub”, – deyə politoloq bildirib.
Onun fikrincə, husilərdə vəziyyət fərqlidir. Qruplaşma daxilində bu miqyasda ciddi fikir ayrılığının görünmədiyini qeyd edən Rzayev İranın dəstəyi sayəsində husilərin daha koordinasiyalı və effektiv hərbi fəaliyyət nümayiş etdirdiyini vurğulayıb.
Politoloqun sözlərinə görə, hərəkatın son əməliyyatları fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus üç yüksək rütbəli zabitin və bir neçə dron mütəxəssisinin hazırda Yəmənin paytaxtı Sənada olduğu barədə məlumatlar da mövcuddur.
Bununla belə, Turan Rzayev husilərin yekunda qələbə qazanacağını düşünmür.
“Son əməliyyatlar fonunda Bab əl-Məndəb boğazındakı mühüm adaların da husilərin nəzarətinə keçdiyi bildirilir. Bu isə faktiki olaraq boğaz üzərində nəzarətin tam şəkildə husilərə keçməsi deməkdir”, – deyə o qeyd edib.
Politoloq hesab edir ki, Hörmüz boğazının İran, Bab əl-Məndəb boğazının isə husilər tərəfindən bağlanması ehtimalı enerji məhsulları, əlvan metallar, taxıl və buğda ticarətinə, eləcə də dünya birjalarına ciddi təsir göstərə bilər.
Rzayevin fikrincə, prosesin bu şəkildə davam etməsi mümkün deyil və Səudiyyə Ərəbistanı Yəmənə qarşı koalisiyanın müdaxiləsini təmin etməyə çalışa bilər.
“Bab əl-Məndəbin husilərin nəzarətinə keçməsi artıq xarici müdaxilə ehtimalını artırır. Pakistanın belə bir müdaxilədə maraqlı olduğu görünür. Lakin Türkiyənin bu məsələdə maraqlı olub-olmadığı hələlik bəlli deyil. Əgər Ankara da razılıq versə, Yəmənə qarşı koalisiya müdaxiləsi baş verə bilər”, – deyə politoloq bildirib.
Turan Rzayev əlavə edib ki, belə bir ssenaridə Ankara Suriyadan sonra Yəməndə də sabitliyin və sülhün bərpasında rol oynaya bilər. Lakin onun fikrincə, Türkiyənin Yəmənə mümkün müdaxiləsi Tehran-Ankara münasibətlərinə mənfi təsir göstərə və iki ölkə arasında yeni gərginlik yarada bilər.
Orxan











